close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

06-05-2022

Mayın 6-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir, “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi sərginin“Azərbaycan xalqının Ümummilli lideri – Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bildirib ki, bu günlərdə Azərbaycan xalqı tarixi bir günü qeyd edir. May ayının 10-da Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu gün Milli Kitabxanada Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti, Müstəqil Azərbaycanımızın memarı, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunan bir tədbirə yığışmışıq. Azərbaycan xalqı, Dünya Azərbaycanlıları, bütünlükdə Azərbaycansevərlər bu günlərdə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan müxtəlif formatlı tədbirlər keçirir. Direktor vurğulayıb ki, Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində başladığı quruculuq işlərindən bəhs edən direktor qeyd edib ki, məhz bu günki firavan həyatımız onun gərgin əməyinin nəticəsidir. Həmçinin, o çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin mədəniyyətə, kitab və kitabxanaya qayğısından bəhs edərək bildirib ki, 1995-1997-ci illərdə Ulu Öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir.

O, bildirib ki, Ulu Öndərin Azərbaycan qarşısındakı ən əhəmiyyətli xidmətlərindən biri də özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsi olmuşdur. Məhz Cənab Prezident İlham Əliyevin möhkəm iradəsi və Müzəffər Azərbaycan Ordusunun iştirakı ilə 30 ilə yaxın sağalmaz yaramız olan – Qarabağımızın düşmən tapdağından azad olunması bir daha sübut etdi ki, Ulu Öndər öz seçimində yanılmamışdır. Cənab Prezidentimiz İlham Əliyev Ümummilli Liderimizin başladığı işləri çox böyük uğurla davam etdirərək ona da baş ucalığı gətirmişdir. Çıxışının sonunda direktor qeyd edib ki, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin əziz xatirəsi qədirbilən Azərbaycan xalqının xatirəsində əbədi yaşayacaqdır.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan Respublikası tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahov çıxış edərək bildirib ki, bu gün nəinki Azərbaycan xalqının, eləcə də dünyanın ən görkəmli siyasətçisi, dövlət xadimi Heydər Əliyevin doğum gününə həsr edilən bir tədbirə toplaşmışıq. Vurğulayıb ki, Ulu Öndər haqqında neçə illər, əsrlər keçsə də, bu böyük şəxsiyyət haqqında çoxsaylı kitablar yazılacaq. Lakin onun haqqında ən böyük əsər məhz Müstəqil Azərbaycan Respublikasıdır. M.Əmrahov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev öz biliyi, düşüncə qabiliyyəti, qətiyyəti, güclü iradəsi, təmkini ilə dünya liderləri arasında fərqələnən bir liderdir. O, Ulu Öndərin Azərbaycan dövləti qarşısında olan siyasi fəaliyyətindən danışaraq bildirib ki, ölkəmizin ağrılı-acılı yarası olan Qarabağımız haqqında çoxsaylı qərarların, prinsiplərin qəbul olunması, Azərbaycanın Milli Strategiyasının formalaşması məhz onun adı ilə bağlıdır. Daha sonra M.Əmrahov Ümummilli Liderin Azərbaycan mədəniyyəti, tarixi qarşısında olan xidmətlərindən bəhs edərək vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili təyin edilməsi, Nəriman Nərimanovun heykəlinin Bakıda ucaldılması, Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, eləcə də Yusif Məmmədəliyevin heykəlinin ucaldılması, adının əbədiləşdirilməsi və s. bilavasitə onun mütərəqqi xidmətlərinin nəticəsidir. Çıxışının sonunda o, bildirib ki, bu gün Ulu Öndərin siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu Öndərin ən böyük arzusu olan işğal altında olan torpaqlarımız Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında artıq azaddır. Bu gün Müstəqil Azərbaycanımız dünya dövlətləri arasında başıuca, azad ölkə kimi tanınır.  

Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, YAP Səbail rayonu “Xəqani 57” ərazi partiya təşkilatının sədri Ədibə İsmayılova çıxış edərək Azərbaycan dövlətçiliyinin, müstəqil Azərbaycanın formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, onun kitaba və kitabxanaya verdiyi yüksək dəyərdən, xalqımızın firavanlığı naminə həyata keçirdiyi mühüm tədbirlərdən bəhs edib.

Tədbir zamanı “Azərbaycan xalqının Ümummilli lideri – Heydər Əliyev” (http://anl.az/el/emb/H.Aliyev/index.html) adlı Elektron məlumat bazası və Ümummilli Lider Heydər Əliyev haqqında qısa film iştirakıçılara təqdim olunub.

Sonda iştirakçılar “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi sərgi ilə tanış olublar. Sərgidə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunub.

 

 

icon

Foto qalereya