12-07-2023
Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, müsiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.
Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “TÜRKSOY – 30” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turksoy/index.htm linkindən istifadə edə bilərlər.