23-11-2016
Noyabr ayının 23-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, İspaniya Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Milli Kitabxanası birgə Tərcümə Mərkəzi tərəfindən çap olunmuş İspan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimini keçirmişdir.
Tədbiri Tərcümə Mərkəznin direktoru Afaq xanım Məsud açaraq tədbir iştirakçılarını salamlamışdır. Afaq xanım Azərbaycan və dünya ədəbiyyatının təbliği sahəsində gördükləri işlərdan danışmışdır. O, bu gün təqdimatı keçirilən İspan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabı haqqında söz açmış, qeyd etmişdir ki, əsər Azərbaycan dilinə yazıçı-tərcüməçi Saday Budaqlı tərəfindən tərcümə edilib, redaktoru isə Mahir Qarayevdir.
Milli Kitabxananın direktoru prof. Kərim Tahirov çıxış edərək Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirmiş, növbəti kitabın tərcüməsinə görə oxucular adından minnətdarlığını bildirmişdir.
Çıxışçılar İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili cənab Jose Luis Diez, Argentinanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Carlos Dante Riva, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva ispan ədəbiyyatından, Azərbaycan dilinə tərcümə olunmuş əsərlərdən danışmışlar.
Sonda yazıçı-tərcüməçi Saday Budaqlı çıxış edərək bildirmişdir ki, kitaba daxil edilmiş romanlarda Kastiliya kəndinin problemlərindən, Franko rejiminin gerçəklərindən, bu rejimin insan psixologiyasına təsirindən bəhs edilir.
Migel Delibesin “Seçilmiş əsərləri” kitabı tədbir iştirakçılarına paylanmışdır.