close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib

04-10-2024

4 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada “Macarıstan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.

Açılış mərasimində Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya, Azərbaycandakı Macarıstan səfirliyinin birinci katibi, Təhsil və Mədəniyyət üzrə Diplomat Monika Ferföldi iştirak  edib.

Mərasimi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, 2019-cu ildə Azərbaycan Milli Kitabxanasında beynəlxalq əməkdaşlıq zalının, eyni zamanda  13 ölkənin ədəbiyyat guşələrinin açılışı olub. Bu gün isə Milli Kitabxanada  Macarıstan Respublikasının ədəbiyyatı guşəsi açılır. Ədəbiyyat guşələrinin Milli Kitabxanada açılması qanunauyğun hadisədir. Milli Kitabxanalar bir -birləri ilə kitab mübadiləsi aparırlar və  illər ərzində həmin ölkələrdən kitablar alınır və o kitabların oxuculara çatdırılmasında belə zalların çox böyük əhəmiyyəti olduğunu söyləyib. Ədəbiyyat guşələrinin açılışının özəlliyi ondan ibarətdir ki,  burda hər bir ölkənin Milli kitabxanasına birbaşa çıxış olduğunu qeyd edib. Bu gündən sonra  Macarıstan Respublikasının ədəbiyyatı, coğrafiyası və mədəniyyəti ilə maraqlanan oxucular həm bu guşəsindən istifadə edəcək, həm  də kompyuter vasitəsilə Macarıstanın Milli Kitabxanasının digər elektron resurslarından bəhrələnə biləcəklərini bildirib.

Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencser çıxış edərək mədəniyyətin millətlər arasında körpülər qurduğunu və kitabxanalarin bu prosesdə əsas rol oynadığını qeyd edib.  Kitabxanalar yalnız bilik mərkəzləri deyil, həm də mədəni diplomatiyanın körpüləridir. Onlar, bir millətin ədəbiyyatını, mədəniyyətini və düşüncə tərzini dünya miqyasında nümayiş etdirməkdə xüsusilə önəmli rol oynayırlar. Macar kitab guşəsinin açılması yalnız Macar ədəbiyyatı və mədəniyyətinin təbliği simvolu deyil, həm də bir əlaqə yaratma fürsətidir. Bu, hər kəsə Macar tarixini, mədəniyyətini və Macar ruhunun dərinliklərini anlamaq imkanı verir. Macar kitab guşəsi, mədəni diplomatiya sahəsində də böyük bir addımdır, çünki bu, Macarıstanın mədəniyyətini və dəyərlərini Azərbaycana təqdim etməyə olan bağlılığını göstərir. Bu təşəbbüsün Macar-Azərbaycan mədəni əlaqələrinin güclənməsinə müsbət təsir edəcəyini bildirib. Bu gün açılan kitab guşəsi, mədəniyyətlərarası dialoq və əməkdaşlığa uzunmüddətli bir öhdəlikdir. Mən inanıram ki, bu təşəbbüs yalnız Macar mədəniyyətini zənginləşdirməyəcək, eyni zamanda bizim ədəbiyyatımızla, dolayısı ilə də Macarıstanla tanış olacaq hər kəs üçün də dəyər qatacağını vurğulayıb. Gələn ilin əvvəlində Macarıstan Respublikasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılış mərasiminin keçiriləcəyini bildirib.

Gürcüstan Milli Parlament Kitabxanasının direktoru, professor Konstantin Gamsaxurdiya Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin tarixinin çox qədim olduğunu, əsrlər boyu Gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluq, qardaşlıq şəraitində yaşadığını və bu gözəl ənənələrin bu gün də davam etdiyini deyib. Bu gün bu əlaqələrin bir göstəricisi kimi Azərbaycan Milli Kitabxanasında Gürcüstana dair daimi guşənin olmasının çox sevindirici bir  hal olduğunu bildirib. Həmçinin, o, buradakı kompyuterlərdən istifadə edərək birbaşa Gürcüstan Milli Parlament Kitabxanasının elektron kataloquna daxil olaraq ölkənin mədəniyyətinə, tarixinə, ədəbiyyatına dair nəşrlərə baxmaq imkanı yaradıldığı vurğulayıb. Azərbaycan dövlətinin Milli Kitabxanaya diqqət və qayğısının təqdirəlayiq hal olduğunu eyni münasibətin gələcəkdə Gürcüstan Respublikasının kitabxanlarında da olacağına ümid etdiyini deyib. Həmçinin Azərbaycan Milli Kitabxanasını xüsusilə  də Milli Kitabxananın nəzdində yaradılan “Açıq Kitabxana”nı çox bəyəndiyini və bunun unikal bir hal olduğunu söyləyib. Gürcüstan Milli Parlament Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılacağını, qarşılıqlı əməkdaşlıq əlaqələrinin bundan sonra da davam edəcəyini bildirib.

Sonda qonaqlara “Salam Azərbaycan”, “Azərbaycan Milli Kitabxanası”,  “Azərbaycan xalçaları dünya kolleksiyalarında” adlı kitablar, Macarıstan Seçeni Milli Kitabxanasının direktor müavini xanım Judit Gerencserə isə eyni zamanda  Azərbaycan milli kəlağayısı hədiyyə edilib.

icon

Foto qalereya