09-02-2023
Fevralın 9-da Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Kitabxana və Hüseyn Cavidin Ev Muzeyi tərəfindən görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib, həmçinin “Hüseyn Cavid: Biblioqrafiya” və “Hüseyn Cavid: Biblioqrafik göstərici” kitablarının təqdimat mərasimi olub.
Tədbir zamanı çıxışçılar qeyd ediblər ki, XX əsrin əvvəllərində Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbinin, Mirzə Ələkbər Sabir satirik şeir məktəbinin əsasını qoyduğu kimi, Hüseyn Cavid də Azərbaycan ədəbiyyatında romantik şeirin, mənzum romantik dramaturgiyanın və nəhayət, romantizm ədəbi cərəyanının banisi olaraq qəbul edilir. Bu mənada Hüseyn Cavidin çoxcəhətli və zəngin yaradıcılığı çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində yeni və mühüm bir mərhələ təşkil edir. Azərbaycan ədəbiyyatında romantik mənzum faciə janrının yaranması və inkişafı da birbaşa Hüseyn Cavidin adı ilə bağlıdır.
Təqdimat zamanı Hüseyn Cavidin (1882-1941) anadan olmasının 140 illiyi münasibətilə hazırlanan “Hüseyn Cavid: Biblioqrafiya” və “Hüseyn Cavid: biblioqrafik göstərici” vəsaitlərindən bəhs edən çıxışçılar bildirib ki, hər iki biblioqrafik vəsait Hüseyn Cavid yaradıcılığı üçün böyük töhfədir. Bu biblioqrafiyalar məzmun baxımından bir-birini təkrar etmir, əksinə tamamlayır.
Tədbirin sonunda qonaqlar “Ədəbiyyatımızın əbədiyyət rəmzi – Hüseyn Cavid” mövzusunda geniş kitab sərgisi və Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan "Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı - Hüseyn Cavid" adlı Elektron məlumat bazası ilə tanış olublar. Qeyd edək ki, məlumat bazası üç dildə (azərbaycan, rus, ingilis dillərində) istifadəçilərə təqdim olunur.