close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib

28-11-2019

Noyabrın 28-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanovun yaradıcılığının 65 illiyinə həsr olunmuş sərginin açılış mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq görkəmli bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib. Professor çıxışında bildirib ki, Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında, milli musiqiçi kadrların yetişməsində misilsiz xidmətləri olub. O, əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib, “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı digər əsərləri musiqi mədəniyyətimizin tarixində daim yaşayacaq. Görkəmli bəstəkarın həm də musiqi sənətinin müxtəlif problemlərinə həsr olunmuş elmi-publisistik məqalələrin müəllifi, musiqimizi xarici ölkələrdə geniş təbliğ edən fəal ictimai xadim olduğunu söyləyib. Prof. Kərim Tahirov çıxışında  qeyd edib ki, Milli Kitabxananın fondunda ən zəngin arxiv Tofiq Bakıxanova məxsusdur. O, əsərlərinə böyük diqqət və qayğı ilə yanaşaraq hər birini Milli Kitabxananın zəngin fonduna ərmağan edib və bu qiymətli əsərlər mühafizə edilərək gələcək nəsillərə çatdırılacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi, prof. Zemfira Qafarova  çıxış edərək Tofiq Bakıxanovun həm solist, həm də kamera ansamblı tərkibində mahir ifaçılıq imkanlarına malik skripkaçı olduğunu söyləyib. Bəstəkarın operadan başqa musiqinin bütün janrlarında yazıb-yaratdığını söyləyən professor, onun əsərlərinin hər biri haqqında maraqlı resenziyalar yazıldığını qeyd edib.

Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev çıxışında Tofiq Bakıxanovun zəngin yaradıcılığından söhbət açaraq, bəstəkarın dahi Üzeyir Hacıbəyov məktəbini keçdiyini, Azərbaycanda ilk solist skripkaçılardan biri olduğunu söyləyib. Bildirib ki, əsərləri xarici ölkələrdə, xüsusilə “Xəzər balladası” Fransada dəfələrlə ifa olunub.

Sonra yazıçı, kinossenarist Rəfiqə Məsud çıxışında bəstəkarın yüksək mənəviyyatlı bir şəxsiyyət kimi yetişməsini görkəmli nəslin nümayəndəsi olması ilə əlaqələndirib, bildirib ki, onun bütün həyatı və zəngin yaradıcılığı gənclər üçün bir örnəkdir.

Daha sonra Hacı Rafiq Əliyev, Əməkdar Mədəniyyət işçisi Ələkbər Ağasıyev, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, Milli Kitabxananın əməkdaşı Adilə Qocayeva, “Bakıxanovlar” şəcərisinin tədqiqatçısı Xəyalə Əyriçalmalı çıxış edərək görkəmli bəstəkarın zəngin ədəbi irsi haqqında, Azərbaycan musiqi mədəniyyəti sahəsindəki xidmətlərindən söhbət açıblar.

Sonda Görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Tofiq Bakıxanov çıxış edərək yaradıcılığının 65 illiyinə həsr olunmuş tədbirin və əsərlərindən ibarət sərginin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın rəhbərliyinə və onun kollektivinə minnətdarlığını bildirib.

Tədbirdə Milli Kitabxananın direktoru prof. Kərim Tahirov Milli Kitabxananın fəal oxucularından olan bəstəkar Tofiq Bakıxanova fəxri oxucu kartını təqdim edib.

Daha sonra tədbir iştirakçıları görkəmli bəstəkarın əsərlərindən ibarət geniş sərgi ilə tanış  olub və bəstəkarla xatirə şəkli çəkdirib.