15-12-2016
Dekabr ayının 15-də Milli Kitabxanada “Azərbaycanın tarixi silahları” kitabının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamış, sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyevə vermişdir. O, nazirlik tərəfindən son illərdə keçirilmiş geniş beynəlxalq kütləvi tədbirlərdən, həmçinin kitabın əhəmiyyətindən bəhs edərək, nazirlik tərəfindən kitabın bir neçə dilə tərcümə ediləcəyini və dünya ölkələrində yayımlanacağını vurğulamışdır.
Sonra Milli Məclisin üzvü, yazıçı-publisist Aqil Abbas çıxış edərək, kitabın günümüzdə böyük əhəmiyyətə malik olduğunu, Azərbaycan dilinə tərcümə edilərək hərbi hissələrə göndərilməsinin vacib olduğunu qeyd etmiş, kütləvi tirajla nəşrinin həyata keçirilməsini təklif etmişdir.
Polkovnik Mehman Süleymanov, müəlliflərdən Adil Minbaşı və Azər Məmmədov bu tədqiqat əsərinin gərgin və uzunmüddətli axtarışların nəticəsi olduğunu qeyd etmiş, xarici muzeylərdəki milli silahlarımızın araşdırılması, onların pasportlaşdırılması məsələlərindən danışmış və kitabın dünya kitabxanalarına çatdırılması işinin vacibliyini vurğulamışlar.
AMEA-nın Tarix və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru Xalyəddin Xəlili, Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı gənclərin hərbi vətənpərvər ruhda tərbiyəsi, öz tarixi keçmişini öyrənməsi baxımından kitabı yüksək qiymətləndirmiş və orta ümumtəhsil məktəblərində tədrisinin əhəmiyyətindən danışmışdır.
Şairə Zəminə Xınalı kitabın hazırlayan müəlliflərə təşəkkürünü bildirmiş, onun təbliğinin mühümlüyünü diqqətə çatdırmışdır.
Sonda professor Kərim Tahirov tədbirin bu cür qiymətli kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.