close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” layihəsinə start verilmişdir.

02-12-2016

Dekabr  ayının 2-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Kitabxanasının və Beynəlxalq Muğam Mərkəzinin birgə “Sirlər xəzinəsi” layihəsinə start verilmişdir. Layihəyə əsasən  klassiklərin yaradıcılığına həsr olunmuş silsilə ədəbi-bədii musiqili məclislər keçiriləcəkdir. Bu silsilədən ilk tədbir klassik Azərbaycan poeziyasının günəşi Məhəmməd Füzulinin yaradıcılığına həsr olunmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, bu məclisin fizulişünas, poeziyasevər və musiqisevərlər üçün bir töhvə olduğunu vurğulamışdır. Dahi Füzulinin yaradıcılığından söhbət açan direktor sözü layihənin həmmüəlliflərindən biri Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynova vermişdir. O, öz çıxışında Milli Kitabxanada belə tədbirlərin keçirilməsini alqışlamış və layihənin uğurla davam etməsini arzulamışdır.

Poeziya və musiqinin vəhdətindən ibarət tədbirdə klassik ədəbiyyatımızın görkəmli tədqiqatçıları akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Gülşən Əliyeva, Pedaqoji Universitetin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov, Yazıçılar Birliyinin Qarabağ şöbəsinin müdiri, professor Ənvər Əhməd və digər füzulişünas alimlərin çıxışları dinlənilmiş, Əməkdar artist Azad Şükürov ifasında  Füzuli şeirləri səsləndirilmiş, və məclis boyu– Əməkdar İncəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər  Qəzənfər Abbasov, Feyruz Səxavət, Ehtiram Hüseynov, Hüseyn Məlikovun ifasında şairin qəzəlləri oxunmuşdur.
Füzulinin zəngin yaradıcılığını özündə əks etdirən kitab sərgisi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, respublikanın aparıcı kitabxanalarının rəhbərləri, füzulisevərlər və b. iştirak edirdi.