18-10-2019
Oktyabrın 18-də Milli Kitabxanada Azərbaycanın Dövlət müstəqilliyini bərpa etməsinin 28-ci ildönümü münasibətilə “18 oktyabr – Dövlət Müstəqilliyi günüdür” adlı kitab sərgisi açılıb.
Sərgini Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova açaraq Azərbaycanın dövlət müstəqilliyinin tarixi haqqında geniş məlumat verib. Ədibə İsmayılova çıxışında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və yüksək idarəçilik bacarığı sayəsində müstəqil Azərbaycan Respublikasının bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini, beynəlxalq miqyasda nüfuzlu dövlətlər sırasına qoşulduğunu söyləyib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu, Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Sərgidə Azərbaycanın dövlət müstəqilliyindən, Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğundakı xidmətlərindən bəhs edən Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş edilib.
Sonda iştirakçılar sərgi ilə tanış olub.
Sərgi bir həftə davam edəcək.