06-06-2022
2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyi tamam olmuşdur və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Böyük alimin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planını əsas tutaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Lütfi Zadə” biblioqrafiyasını nəşr etdirib.
Lütfi Zadə özünün qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar nəzəriyyəsi ilə dünya elmində inqilabi çevriliş etmiş, sağlığında dahilik zirvəsinə yüksəlmiş ilk azərbaycanlılardandır. Adı Aristotel, Albert Eynşteyn, Norbert Viner, Verner Heyzenberq, Helen Siborqla yanaşı çəkilən alimin nəzəriyyələri riyaziyyatın, kibernetikanın, informatika və hesablama texnologiyasının bütün sahələrinə nüfuz etmiş, ABŞ-da kosmik proqramların həyata keçirilməsində, Yaponiyada foto-video cihazların istehsalında, eləcə də super-yeni, beşinci, altıncı nəsil kompyuterlərin yaradılmasında mühüm rol oynamışdır.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülmüşdür.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi “Lütfi Zadə” biblioqrafiyası dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadəyə [Lütfəli Rəhim oğlu Ələsgərzadəyə], bu görkəmlii şəxsiyyətə həsr edilmiş ilk fundamental biblioqrafiyadır. Biblioqrafiyaya AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov “Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi – Lütfi Zadə” adlı ön söz yazmışdır.
Həcmi 607 səhifədən ibarət biblioqrafiyada görkəmli alimin əsərləri, həyat və yaradıcılığına aid zəngin materiallar toplanmış, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, rəsmi sənədlər, habelə alimin dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Materiallar Azərbaycan, rus, ingilis və başqa xarici dillər üzrə verilmişdir. Biblioqrafik göstəricidə materiallar xronoloji prinsip əsasında qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir.
Biblioqrafiyanın “Lütfi Zadə dünya milli kitabxanalarında” və “Lütfi Zadə dünya universitet kitabxanalarında” bölmələrində toplanan ədəbiyyat alimin elmi irsinin bütün dünyada çox geniş yayılmasının əyani sübutudur.
Biblioqrafiya riyaziyyat, kibernetika, informatika, hesablama texnologiyası ilə məşğul olan alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, tələbələr və geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə biblioqrafiyanın sonunda Lütfi Zadənin əsərlərinin və haqqında yazan müəlliflərin Azərbaycan və digər dillərdə əlifba göstəriciləri verilmişdir.
Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/LutfiZade-biblioqrafiya.pdf linkindən istifadə edə bilərlər.