15-04-2021
Aprel ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də qoşuldu.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və Azərbaycan, rus və ingilis dillərində ədəbiyyatşünaslıq, not-musiqi, teatr və kino sahəsini əhatə edən yeni nəşrlərdən, Azərbaycan dövlətçiliyini, ümummilli lider Heydər Əliyevin zəngin irsini əks etdirən dəyərli mənbələrdən, klassik ədəbiyyatımıza dair lüğətlərdən, milli, eləcə də xarici ölkə yazıçılarının məşhur bədii əsərlərindən 100 adda 139 nüsxə kitabı işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladı.