30-03-2022
Martın 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin (Əliyeva) müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu (The way to victory)”, “Bir damla göz yaşında torpaq həsrəti (В капле слезы тоска по земле, Homesickness in a teardrop)”, “Laçın həsrətim (Laçın hasretim, Тоска по Лачину, Yearning for Lachin)” adlı kitablarının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, çıxışı zamanı bildirib ki, sabah tarixi bir gün – 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bununla əlaqədar ilk öncə soyqırım qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bu tarixi gün ərəfəsində İradə Əlilinin müəllifi olduğu Qarabağ mövzusunda “Zəfər yolu (The way to victory)”, “Bir damla göz yaşında torpaq həsrəti (В капле слезы тоска по земле, Homesickness in a teardrop)”, “Laçın həsrətim (Laçın hasretim, Тоска по Лачину, Yearning for Lachin)” adlı kitablarının təqdimatını keçiririk. Direktor vurğulayıb ki, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində daim bu günləri – Qələbəni gözləyib. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı.
Təqdim olunan kitablar haqqında məlumat verən direktor vurğulayıb ki, hər üç kitabda Qarabağ haqqında, onun tarixi, coğrafi ərazisi, Milli Qəhrəmanları, Şəhidləri, Qaziləri haqqında məlumatlar öz əksini tapıb. Kitabın xarici dillərdə nəşrinin əhəmiyyətini vurğulayan direktor qeyd edib ki, biz ölkəmizin tarixi haqqında olan müxtəlif dillərdə dərc olunan kitablara ehtiyacı ən çox xaricdə keçirilən sərgilər, tədbirlər zamanı hiss edirik. Çıxışının sonunda K.Tahirov bildirib ki, bu mövzuda kitabların nəşri, təqdim olunması bizim vətəndaşlıq borcumuzdur.
Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye çıxış edərək ilk öncə belə bir gözəl tədbirdə iştiraka görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, bir pakistanlı olaraq azərbaycanlılar arasında olmaq çox xoşdur. O, Pakistan ilə Azərbaycan arasında daim mövcud olan qardaşlıq əlaqələrindən bəhs edib. Bildirib ki, 44 günlük II Qarabağ müharibəsi dönəmində qardaş Pakistan xalqı və hakimiyyəti daima Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyini əsirgəməyib. Bizim Azərbaycana olan dəstəyimiz beynəlxalq əsasda idi, çünki Azərbaycan öz hüquqi torpaqlarını müdafiə edirdi. Səfir çıxışında vurğulayıb ki, mən ədəbiyyatçı deyiləm, lakin məni çox fərəhləndirir ki, belə kitablar hazırlanır və nəşr olunur. Texnologiyaların inkişafı müasir dönəmimizdə kitablara olan ehtiyacı azaldıb, məhz bu dövrdə belə əhəmiyyətli nəşrlərin olması çox vacibdir. Sonda Səfir İradə Əlilini kitabların nəşri münasibətilə təbrik edib.
Türkiyə və Azərbaycan İş Adamları İctimai Birliyinin (TÜİB) direktoru Hüseyn Böyükfırat çıxışında bildirib ki, cənab Səfirin də vurğuladığı kimi Türkiyə və Pakistan 44 günlük II Qarabağ savaşı dönəmində daim qardaş Azərbaycanın yanında olub. O, qeyd edib ki, savaşın ilk dönəmlərindən daima öz çıxışlarımda vurğulayıram ki, qələbəyə görə şəhidlərimizə, qazilərimizə borcluyuq, onların bu əzmkeşliyini heç vaxt unutmamalıyıq.
Rumıniya Mədəniyyət Mərkəzinin rəhbəri İosefina Batto çıxış edərək bu gün keçirilən tədbirdə iştirakından məmnun olduğunu söyləyib. İradə Əlilini kitablarının müxtəlif dillərə tərcümə olunması münasibətilə təbrik edib. O, II Qarabağ müharibəsindəki Qələbənin şahidi olmasından çox şad olduğunu vurğulayıb. Və İradə Əlilinin Xocalı kitabı haqqında olan kitabının rumın dilinə tərcümə olunması layihəsindən bəhs edib.
ADU-nun Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədova çıxış edərək ilk öncə rektor Kamal Abdullanın salamlarını çatdırıb. Qeyd edib ki, İradə Əlilinin Xocalıya həsr olunan kitabının ispan, italyan, fransız dillərinə çap olunması nəzərdə tutulur.
Tədbirin davamında Macar-Azəri Birgə Cəmiyyətinin sədri Ramiz Əmirli; professor Qrem Smit; Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Azadə Novruzova; teleaparıcı Nuranə Gülər; Şəhid Bəhmən Səfərəliyevin oğlu İkram Səfərəliyev; Qarabağ qazisi Rüxsarə Cumayeva və digərləri çıxış edərək kitabın mövzusunun əhəmiyyətindən bəhs ediblər.
“Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlili çıxış edərək tədbirin təşkilinə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib. Və kitabların çapında əməyi keçən hər bir şəxsə öz təşəkkürünü çatdırıb.
Sonda iştirakçılar Milli Kitabxananın fondunda olan İradə Əlilinin müəllifi olduğu kitabların sərgisi ilə tanış olublar.