close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

20-05-2022

Bu il görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin 140 illik yubileyi tamam olur.

Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur.

Hüseyn Cavidin örnəksəl həyatı və yaradıcılığının əsas ideya istiqaməti olan romantizmi XX əsr Azərbaycan ədəbiyyatının mürəkkəb, çoxşaxəli və zəngin gedişində öz səsi və nəfəsi ilə seçilən qanunauyğun və əlamətdar bir hadisə kimi bu gün də öz məna və əhəmiyyətini saxlamaqdadır. Cavid Azərbaycan şeirinə ilk dəfə olaraq sonet, marş, şərqi-türkü kimi janrları gətirmişdir. Ölkəmizdə teatr mədəniyyətinin yüksək nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.

“Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam” kimi dramları, “Azər” poeması, bütöv bir silsilə lirik-fəlsəfi şeirləri ilə Hüseyn Cavid öz adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə əbədi həkk etmişdir. Öz dahiyanə əsərləri ilə Hüseyn Cavid Azərbaycan dramaturgiyasını istər mövzu, istər xarakter və obrazlar qalereyası, istərsə də xronotop baxımından olduqca zənginləşdirmiş, dramaturgiyamızı dar lokal məkandan çıxararaq qlobal məkana salmış, ümumbəşəri ideyaların təbliği ilə dünya səviyyəsinə qaldırmışdır.

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı – Hüseyn Cavid” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”; “Həyat və yaradıcılığı”; “Həyat və fəaliyyətinin əsas tarixləri; “Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi”; “Görkəmli şəxslər Hüseyn Cavid haqqında”; “Əsərləri”; “Haqqında”; “Xatirəsinin əbədiləşdirilməsi” və “Fotoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/HuseynCavid/index.html linkindən istifadə edə bilərlər.