close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Hüseyn Cavid” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

25-04-2022

Bu il görkəmli Azərbaycan şairi, yazıçı və dramaturq, ədəbiyyatımızda romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin 140 illik yubileyi tamam olur.

Azərbaycan xalqının XX əsrdə yetirdiyi ən böyük şəxsiyyətlərdən olan milli romantik şeirin və mənzum faciənin banisi, filosof-şair və istedadlı dramaturq Hüseyn Cavid ictimai fikir tarixində böyük rol oynamışdır. Hələ sağlığında öz orijinal sənət yolu ilə milli ədəbi-ictimai fikrin diqqətini yaradıcılığına cəlb etmiş Hüseyn Cavid irsi günahsız yerə repressiya olunduqdan sonra, bir müddət yasaq edilsə də, əsl vətənpərvər ziyalıların xatirindən bir an da çıxmamış, yeri gəldikcə, şifahi şəkildə olsa da, təbliğ edilmişdir. Bütün böyük klassiklər kimi, Hüseyn Cavid də zamanın sınağından alnıaçıq çıxaraq, layiq olduğu bəraəti almışdır.

Millətini, xalqını, sahib olduğu milli dəyərlərini canından artıq sevən böyük mütəfəkkir bütün həyatı boyunca həqiqət uğrunda mübarizə aparmış, xalqını, millətini xoşbəxt görmək üçün qələm çalmışdır. Şairin fikrincə, bu xoşbəxtlik yüksək təhsil və mədəniyyətlə mümkündür. Bunun üçün də azad yaşamaq, öz dövlətinin sahibi olmaq əsas şərtdir.

Milli poeziyamızda fəlsəfi lirikanın təkrarsız nümunələrini yaratmış Hüseyn Cavid mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Onun yaradıcılığı Şərqin estetik fikir tarixi və dünya romantizm ənənələri ilə sıx bağlıdır. Dahi sənətkarın zəngin irsinə “Keçmiş günlər”, “Bahar şəbnəmləri” şeirlər silsiləsi, “Azər”, “Kor neyzən” poemaları, “Ana”, “Maral”, “Şeyx Sənan”, “İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı” dramları, ədəbi, elmi, ictimai baxışlarını əks etdirən məqalələri, məktubları daxildir. “Atilla” (Gözəl Eyida), “Çingiz”, “İblisin ilhamı”, “Telli saz”, “Şəhla”, “Koroğlu” adlı əsərləri isə müsadirə olunub.

“Cavid” sözünün mənası əbədiyyət deməkdir. Hüseyn Cavid ölməz əsərləri ilə əbədiyyət qazanmışdır.

Görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin 140 illik yubileyinin keçirilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tədbirlər planına müvafiq olaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Hüseyn Cavid” mövzusunda virtual sərgi hazırlanıb. Virtual sərgidə dahi şəxsiyyətin müəllifi olduğu kitablar, fotolar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Huseyn_Cavid/index.htm linkindən istifadə edə bilərlər.