close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Firuz Məlikov” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

03-08-2022

Bu il XX əsr Azərbaycan elmi fikrinin formalaşmasında, inkişaf etdirilməsində, xalqımızın ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş görkəmli simalardan biri akademik Firuz Əli oğlu Məlikovun 120 illik yubileyi tamam olur.

Akademik Firuz Məlikov elm tariximizə Azərbaycan heyvandarlıq elminin banisi, Azərbaycan heyvandarlıq elmi məktəbinin yaradıcısı kimi daxil olmuşdur. Onun hər əsəri həmin elmin, elmi məktəbin təməl daşları, dayaqları, sütunlarıdır.

Akademik Firuz Məlikov böyük elm xadimi olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Fəaliyyəti dövründə öz həyatını canından artıq sevdiyi xalqının, millətinin tərəqqəsinə, çiçəklənməsinə, elmimizin inkişafına sərf edib.

O, 1941-1945-ci illərdə heyvandarlığın ən aktual problemlərinin həllinə aid on bir elmi tədqiqat işi aparmış və bu sahədə çox böyük uğurlar qazanmışdır. Beləliklə, qabaqcıl heyvandarlıq işinin elmi əsasının yaradılması, bu zəmin üzərində heyvandarlıq təcrübəsinin daha da inkişaf etdirilməsi müharibə dövründə, kəskin ehtiyac duyulduğu bir vaxtda sahənin məhsuldarlığının ən yüksək səviyyəyə qaldırılmasına səbəb oldu. Onun “Azərbaycanda qaragülçülük”, “Azərbaycanın dağ merinosu”, “Qoyunçuluq”, “Azərbaycanın qonur malı” və s. əsərləri Azərbaycan heyvandarlıq elminin inciləridir.

Akademik Firuz Məlikovun yaradıcılığında zərif yunlu qoyunların yetişdirilməsi istiqamətində aparılan tətqiqatlar çox geniş yer tutur.

Görkəmli akademikin 120 illik yubileyi tərəfindən Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Firuz Məlikov” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, görkəmli akademikin müəllifi olduğu kitablar və haqqında yazılan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Firuz_Melikov/index.htm linkindən istifadə edə bilərlər.