23-11-2022
Bu il Azərbaycanın görkəmli bəstəkarı, musiqi xadimi, Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyi tamam olur.
Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F.Əmirovun simfonik muğamları və “Nizami” simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunmuşdur. F.Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı “Şur”, “Kürd Ovşarı” və “Gülüstan Bayatı-Şiraz” kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun “Nizami” simfoniyası, doğma vətəni tərənnüm edən “Azərbaycan kapriççiosu”, “Azərbaycan süitası”, “Azərbaycan qravürləri” bəstəkar irsinin dəyərli səhifələridir.
Səhnə musiqisi sahəsində fəaliyyətinə “Ürəkaçanlar” və “Gözün aydın” musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunmuşdur.
Dördhissəli “Azərbaycan” simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan “Sevil” operasını yazmışdır.
Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Fikrət Əmirov” adlı Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Fikrət Əmirovun musiqi dünyası”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər Fikrət Əmirov haqqında”, “Əsərləri”, “Fikrət Əmirovun fikirləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fikrət Əmirovun mükafatları” və “Fotoqalereya” bölmələrindən ibarətdir.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/F.Emirov/index.html linkindən istifadə edə bilərlər.