close
icon E-kataloq və kitabxana

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə araşdırmaçı-jurnalist Elxan Salahovun müəllifi olduğu “Tanrı yoxuşu” kitabının təqdimat mərasimi keçirilib

13-04-2022

Aprelin 13-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə araşdırmaçı-jurnalist Elxan Salahovun müəllifi olduğu Kəlbəcər rayonunun işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən bəhs edən “Tanrı yoxuşu” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Direktor vurğulayıb ki, çox təəssüflər olsun ki, biz illərdir aprel ayında Kəlbəcərin işğalı gününü keçirirdik, lakin artıq Kəlbəcər cənab Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində tam azaddır. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

K.Tahirov qeyd edib ki, bu gün təqdimatı keçirdiyimiz kitab çox təəssüf ki, Kəlbəcərin ağrı-acılı günlərindən bəhs edir. “Tanrı yoxuşu” kitabında Kəlbəcərin işğalı zamanı mühasirədə qalanların həyat mücadiləsi öz əksini tapıb. Kitab 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərindən bəhs edir. Vurğulayıb ki, bu kitab ona görə əhəmiyyətlidir ki, kitabda mühasirədə qalan əsgərlərin və dinc sakinlərin başına gələnlər, ermənilərin törətdiyi qətliamlar və vandalizm hərəkətləri şahidlərin xatirələri əsasında oxuculara çatdırılır. Direktor çıxışı zamanı onu da bildirib ki, bu kitablar gələcək nəsillərə ərmağandır. Bu cür kitabların nəşri, təbliği, tərcüməsi baş verən hadisələrin dünyaya çatdırılmasında çox mühüm rol oynayır. Çıxışının sonunda o, qeyd edib ki, mən inanıram ki, “Tanrı yoxuşu” kitabı tarix boyu oxunacaq və ona istinad ediləcəkdir. 

Əməkdar jurnalist, “Azərnəşr”in direktoru Əlövsət Ağalarov çıxış edərək kitab məbədi hesab olunan Milli Kitabxanaya, onun rəhbərliyinə belə bir dərin məzmunlu kitabın təqdimatını keçirdiyinə görə öz təşəkkürünü bildirib. Qeyd edib ki, aprel ayı həmişə Kəlbəcər üçün ən ağrılı bir ay olub. 30 ilə yaxın bir dövr ərzində Kəlbəcər işğal altında qalıb, kəlbəcərlilər öz doğma diyarlarından uzaq düşüblər. Çox şükürlər olsun ki, artıq Kəlbəcər azaddır. Vurğulayıb ki, təqdimatı olan kitabın hər fəsli ayrıca bir əsər mövzusudur. Kitabda ayrı-ayrı şahidlərin söylədikləri xatirələrdən başqa, həm də Kəlbəcər şəhidləri haqqında da məlumatlar verilib. Həmçinin, o, qeyd edib ki, bu mövzuda yüzlərlə kitablar yazılıb ki, bunların da hamısı bir salnamədir. Və o, kitabın müəllifi, araşdırmaçı-jurnalist Elxan Salahova öz təşəkkürünü bildirərək işlərinin bu istiqamətdə davamlı olmasını arzulayıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında vurğulayıb ki, illər keçsə də, söz, kitab daim qalacaq. O, həmçinin, Elxan Salahovun müəllifi olduğu “Qanlı kaha” kitabının məzmunundan, Başlıbel kəndində törədilən kütləvi qətliamlardan, ermənilərin məkrli siyasətindən danışıb. Çıxışının sonunda o, tədbirin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə öz təşəkkürünü bildirib və müəllifə bu istiqamətdə yaradıcılıq uğurları arzulayıb.

Əməkdar Mədəniyyət işçisi, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid çıxış edərək tarixi Qələbəmizə dair kitabların çap olunma məsələsindən danışıb. Vurğulayıb ki, 44 günlük müharibə zamanı bu mövzuda çoxsaylı ədəbiyyat nümunələri yazılırdı. Sonra o, Elxan Salahovun müəllifi olduğu “Tanrı yoxuşu” kitabının məzmunundan danışaraq bildirib ki, bu kitab müəllifin gərgin, əzmkar əməyinin nəticəsidir. Kitabın belə sanballı olması müəllifin bir jurnalist kimi peşəkarlığından irəli gəlir. Və vurğulayıb ki, bu kitabın hər bir fəslinin mövzusundan istifadə edərək onlarla film, roman yaratmaq olar.

Tədbirin davamında YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov; ehtiyatda olan polkovnik, keçmiş komandir Balay Nəsibov; energetik, müəssisə rəhbəri Arif Süleymanov; Milli Aviasiya Akademiyasının dosenti Aqil Əsədov; Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı, publisist Qurban Yaquboğlu; pedaqoq Sabir Mirzəyev; şahidlərdən  Rizvan Rzayev; Şahlar Muradov; Elman Hacıyev; Bəxtiyar Şəbiyev və s. çıxış edib.

Sonda kitabın müəllifi araşdırmaçı-jurnalist Elxan Salahov çıxış edərək tədbirin təşkilinə görə Milli Kitabxana rəhbərliyinə, həmçinin tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib. Qeyd edib ki, “Tanrı yoxuşu” kitabında amansız düşmən və sərt təbiətlə ölüm-dirim mücadiləsi aparan insanların başına gələnləri qeydə alıb.

icon

Foto qalereya