close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimat mərasimi keçirilib

28-04-2022

Aprelin 28-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin müəllifi olduğu “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, bu gün biz Milli Kitabxanada Azərbaycan ədəbiyyatşünaslığında çox nadir mövzuda yazılan bir əsərin, eləcə də həmin əsərin həsr olunduğu görkəmli şəxsiyyətin – Xalq yazıçısı Elçin Əfəndiyevin işığına toplaşmışıq. Elçin müəllim Azərbaycan mədəniyyətinin, ədəbiyyatşünaslığının inkişafında mühüm xidmətləri olan şəxsiyyətdir. Əgər XX əsr Azərbaycan teatr sənətinin inkişafında İlyas Əfəndiyevin əsərləri əsas rol oynayırdısa, bu gün həmin ənənəni çox uğurla Elçin müəllim davam etdirir. Bu da heç təsadüfi deyildir, çünki hər iki ədəbiyyat korifeyinin əsərlərinin mövzusu birbaşa Azərbaycan tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı olub, bilavasitə real həyatı təsvir edir. Məhz bu səbəbdən həmin əsərlər xalqımız tərəfindən sevilir. Təqdim edilən araşdırma əsəri barədə məlumat verən direktor bildirib ki,  kitabda böyük alim Lütfi Zadənin “Qeyri-səlis məntiq” nəzəriyyəsi işığında Xalq yazıçısı Elçin dramaturgiyasının süjet situasiyalarının “qrammatikası” açıqlanır. Absurd pyeslərinin paradoksal məntiqi müəyyən edilir. Çıxışının sonunda direktor vurğulayıb ki, inanıram ki, bu monoqrafiya ədəbiyyatşünas, eləcə də teatrşünas, sənətşünas alimlərin stolüstü kitabına çevriləcək.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Rüstəm Kamal çıxış edərək bildirib ki, Azərbaycan teatrının poetikası özü böyük mövzudur. Hər bir xalqın həyatında teatrın yaranıb inkişaf etməsi maraqlı hadisədir. Teatr poetik fundamental araşdırmalar tələb edən bir sahədir. Rüstəm Kamal qeyd edib ki, daha çox texnoloji proseslərə tətbiq olunan “Qeyri-səlis məntiq” nəzəriyyəsinin ədəbiyyata tətbiqi bu işin əsas uğuru sayıla bilər. O, vurğulayıb ki, absurdluq özü fəlsəfi bir mövzudur və biz bunu Mirzə Cəlilin, Üzeyir bəyin əsərlərində əsas görə bilərik. Müasir dövrümüzdə isə bu ənənəni Elçin müəllim çox mükəmməl şəkildə inkişaf etdirərək öz əsərlərinə tətbiq edib. Sonda o, İftixar Piriyevi belə maraqlı bir mövzuda əsər yazması münasibətilə təbrik edib və ona yaradıcılıq uğurları arzulayıb.

“Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək “Qeyri-səlis məntiq” nəzəriyyəsinin yaranma tarixindən, əsas müddəalarından danışıb. Qeyd edib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsinin əsas qayəsi sərhədlərin pozulmasıdır. Təqdim olunan kitab haqqında çıxış edən Rafiq Əliyev vurğulayıb ki, kitabı maraqlı edən əsas cəhət odur ki,  konkret predmentə əsaslanır, akademik dildə yazılması da onu qiymətli edən digər bir faktordur.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, professor Qənirə xanım Paşayeva çıxış edərək bildirib ki, “Qeyri-səlis məntiq” nəzəriyyəsi haqqında ilk dəfə Xudu Məmmədovun kitabları, sonra isə məhz Lütfi Zadənin əsərləri ilə tanış olmuşam. Lütfi Zadə ilə tanışlığından məlumat verən Qənirə xanım bildirib ki, bu görüşün keçirilməsində Rafiq Əliyevin rolu böyükdür. Məhz Lütfi Zadə ilə görüşdən sonra “Qeyri-səlis məntiq” nəzəriyyəsinə yeni pəncərədən baxma imkanı əldə etmişəm. O, vurğulayıb ki, böyük şəxsiyyətlər haqqında əsər yazmaq çox çətin və məsuliyyətli işdir. Lütfi Zadə və Qeyri-səlis məntiq nəzəriyyəsi haqqında əsərin yazılmasında yaxından kömək edən Rafiq Əliyevə minnətdarlığını bildirib. Çıxışı zamanı Qənirə xanım vurğulayıb ki, Elçin müəllimin Azərbaycan teatrının inkişafında xüsusi yeri vardır. O, Elçin müəllimin “Qatil”, “Teleskop”, “Poçt şöbəsində xəyal” kimi əsərlərinə qoyulmuş tamaşaları dəfələrlə izlədiyini qeyd edib. Və sonda İftixar Piriyevə belə bir mövzuya toxunduğu üçün öz təşəkkürünü bildirib. Və bu əsərin xarici dillərə tərcümə olunması məsələsinin vacibliyini qeyd edib.

Tədbirin davamında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanov; Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu; teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov; Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid; “Ədəbiyyat” qəzetinin baş redaktoru, Əməkdar Mədəniyyət İşçisi Azər Turan; tanınmış teatr xadimi, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyev; Xalq artisti Firudin Məhərrəmov və digərləri çıxış edərək təqdim olunan monoqrafiya haqqında fikirlərini bölüşüblər.

Tədbirin sonunda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək ilk öncə əməyi keçən hər bir kəsə, xüsusilə müəllif İftixar Piriyevə öz təşəkkürünü bildirib. Qeyd edib ki, İftixar Piriyev həm görkəmli rejissor, aktyor, həmdə teatrşünasdır. Həmçinin, çıxışı zamanı Elçin müəllim absurd teatrı – onun nəzəriyyəsi haqqında da məlumat verib. Vurğulayıb ki, bu gün teatrımızın əsl teatrşünaslara ehtiyacı var. Sonda o, mədəniyyət ocağı sayılan Milli Kitabxanaya, onun rəhbərliyinə – Kərim müəllimə öz minnətdarlığını bildirib.

Sonda qonaqlar Elçin Əfəndiyevin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.

icon

Foto qalereya