close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq artisti Əhməd Bakıxanov – 130” adlı tədbir keçirilib

20-12-2022

Dekabrın 20-də Milli Kitabxanada Azərbaycanın Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun anadan olmasının 130 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb, bildirib ki, bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun anadan olmasının 130 ili tamam olur və oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq Mədəniyyət Nazirliyinin təsdiq edilmiş tədbirlər planına müvafiq şəkildə Azərbaycan Milli Kitabxanasının bu tədbiri təşkil etdiyini qeyd edən direktor geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr vermiş, ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı, rəng və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutan Əhməd Bakıxanovun görkəmli tar ifaçılarımızın, virtuoz ifaçıların bütöv bir nəslinin məhz Əhməd Bakıxanovun yetirmələri olduğunu bildirib, 1930-cu illərdən Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyən, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olan Əhməd müəllimin milli musiqi mədəniyyətimiz tarixindəki böyük rolundan danışıb.

Xalq artisti Ramiz Quliyev Milli Kitabxanada, bu müqəddəs ocaqda dahi sənətkarın yubiley tədbirinin təşkilinə və dəvətə görə kitabxana rəhbərliyinə təşəkkür edib, söyləyib ki, milli musiqi alətlərindən ən gözəli olan tarın əvəzsiz ustadı Əhməd Bakıxanovun bizə miras qoyduğu irsi, tarixi unutmaq olmaz. O, bildirib ki, tarın sütunlarından biri Sadıqcan, digərləri Qurban Pirimov və Mirzə Mansurov, biri isə Əhməd Bakıxanov olub. Azərbaycan Dövlət Filarmoniyasında yaradılmış ansamla 1964-cü ildə işə qəbul olunduğunu və müsabiqə zamanı olan hadisəni xatırlayan və Əhməd Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu Xalq çalğı alətləri ansamblının hazırda da onun adını daşıdığını bildirən Xalq artsiti Əhməd müəllimin yubileyinin yüksək səviyyədə dövlətimiz tərəfindən qeyd edilməsini böyük hadisə adlandırıb, onun bütün varlığı ilə Azərbaycan mədəniyyətinə xidmət etdiyini diqqətə çatdırıb.

Xalq artisti Zamiq Əliyev tar haqqında danışarkən ilk olaraq ölməz şairimiz Mikayıl Müşfiqin “Oxu, tar, oxu tar! Səni kim unudar?” misraları ilə sözə başladığını söyləyib, dahi sənətkarın yaratdığı ansamlı gənclik illərində daim izlədiyini, ondan müşayiəti, ahəngləri öyrəndiyini bildirib. Qeyd edib ki, Əhməd Bakıxanov və digər görkəmli tarzənlərimizdən gələn ənənəni davam etdirmək, tarın texnikasını dərindən öyrənmək, onu qorumaq, tarzən ordusu yetişdirmək və tarımızın bu gün sədasının dünyanın hər yerindən gəlməsini təmin etmək bizim vəzifəmizdir.

Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının müdiri, professor Ramiz Əzizov Milli Konservatoriyanın professor-müəllim heyəti adından qonaqları salamlayıb, pedaqoq, tarzən, Xalq artisti Əhməd Bakıxanovun ömrünün sonuna kimi Konservatoriyada dərs dediyini, “Azərbaycan xalq rəngləri”, “Muğam, mahnı, rəng”, “Azərbaycan ritmik muğamları” adlı kitablarının tədrisdə istifadə edildiyini diqqətə çatdırıb.

Əhməd Bakıxanovun oğlu, Xalq artisti, bəstəkar Tofiq Bakıxanov atasının 130 illik yubileyinin keçirilməsinə dair sərəncam imzaladığına görə cənab Prezident İlham Əliyevə və muğamlarımızın qorunması istiqamətindəki əvəzsiz xidmətlərinə görə birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək söyləyib ki, yalnız muğam ifaçıları deyil, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Ağabacı Rzayeva, Arif Məlikov və digər bəstəkarlar da ondan muğam dərsləri alıblar, bir çox ifaçılarımızın yetişməsində onun böyük rolu olub.

Atasının ifa tərzindən irəli gələn “Dügah”, “Zabul segah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” kimi muğamlar əsasında simfonik muğam janrını yaradan Tofiq Bakıxanov atasının yubiley tədbirinin təşkilinə görə kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra prof. Kərim Tahirov iştirak edən bütün qonaqlara təşəkkür edib, qeyd edib ki, Azərbaycan tarı, Azərbaycan musiqi mədəniyyəti var olduqca Əhməd Bakıxanov yaşayacaq, haqqında danışılacaq və xatırlanacaq.

Sonda tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər.

 

icon

Foto qalereya