close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

20-06-2022

Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Türkiyə Prezident Kitabxanasının ev sahibliyi etdiyi 36-cı CENL illik iclasında iştirak edir. CENL Avropanın 45 ölkəsindən milli kitabxanaların üzv olduğu bir kitabxana təşkilatıdır. Hər il fərqli bir ölkədə keçirilən iclasa bu il Türkiyə ev sahibliyi edir.

Konfransı CENL sədri Frank Scholze açaraq tədbirin yüksək səviyyədə təşkil edilməsində əməyi keçən bütün heyətə öz təşəkkürünü bildirib. Ardınca Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş bütün iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra 2021-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilən 35-ci CENL illik iclasının protokolu və CENL illik hesabatı müzakirə edilib. Ardınca CENL maliyyə hesabatı və növbəti il üçün CENL büdcəsi müzakirə edildi, səsverməyə qoyuldu və yekdilliklə qəbul olundu.

Sonra IFLA prezidenti Barbara Lison “Milli kitabxanaların cəmiyyət üçün aktuallığı” mövzusunda çıxış edib. Daha sonra Vernadski adına Ukrayna Milli Kitabxanası, Monteneqro Milli Kitabxanası, Çex Respublikası Milli Kitabxanası və Lüksemburq Milli Kitabxanasının nümayəndələri çıxış ediblər.

Sonda konfrans iştirakçıları xatirə fotosu çəkdirib.

Konfrans öz işini sabah davam edəcək.

Konfransa növbəti il Fransa Milli Kitabxanası ev sahibliyi edəcək.

 

icon

Foto qalereya