close
icon E-kataloq və kitabxana

Birləşmiş Ərəb Əmirliyinin Dubay Şəhər Kitabxana fondunun sədri Məhəmməd Əhməd Almur Milli Kitabxanada olub

27-12-2022

Dekabrın 27-də Birləşmiş Ərəb Əmirliyinin Dubay Şəhər Kitabxana fondunun sədri Məhəmməd Əhməd Almur Milli Kitabxanada olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağı qəbul edərək onu kitabxanada görməkdən şad olduğunu bildirib. Direktor qonağa kitabxana haqqında ümumi məlumat verərək Milli Kitabxananın fondu, oxucuların sayı, kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesləri, pandemiya dönəmində Milli Kitabxananın onlayn xidmətlərindən, eləcə də beynəlxalq layihələr haqqında geniş məlumat verib. O, kitabxananın beynəlxalq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-dan artıq kitabxanası ilə əməkdaşlıq edir. Direktor danışıq zamanı gələcəkdə iki ölkənin kitabxanaları arasında qarşılıqlı anlaşma memorandumunun  imzalanmasını təklif etmişdir.

Söhbət zamanı cənab Məhəmməd Əhməd Almur da Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək Azərbaycan Milli Kitabxanası ilə gələcəkdə beynəlxalq kitab mübadiləsi işini həyata keçirməyi planlaşdırdığını qeyd edib. Qonaq kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərini və onlayn xidmətləri yüksək qiymətləndirib.

Görüşün sonunda prof. Kərim Tahirov qonağa “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu, Milli Kitabxananın ərəb dilində nəşr etdiyi  Mir Cəlal Paşayevin “Ədəbiyyatda romantizm”, “Yevgeniy Bertelsin “Böyük Azərbaycan şairi Nizami”, Elçin Əhmədovun "Şuşa – Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı”, “Karabakh by the roads of victory” kitablarını və Azərbaycanın xəritəsini hədiyyə edib.

Sonda qonaq Milli Kitabxana ilə yaxından tanış olub. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Uşaq bölməsi”, “Nadir kitablar və kitabxana muzeyi”, “Not nəşrləri və səsyazmaları” şöbələri ilə tanış olub. Not nəşrləri və səsyazmaları şöbəsində xüsusilə Elektron musiqi bazasının yaranmasını, fondda mühafizə olunan qramplastinkaların yeni avadanlıqlar vasitəsilə DVD disklərə köçürülməsini və eləcə də 70-80-ci illərdə çap edilən not məcmuələrinin Milli Kitabxana tərəfindən yenidən nəşr olunmasını xüsusi qiymətləndirib.

icon

Foto qalereya