30-12-2022
26 dekabr 2022-cil il tarixində Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılovanın rəhbərliyi ilə bir qrup mütəxəssis Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sisteminin Mədəniyyət Nazirliyi şəbəkəsinə daxil olan kitabxanalara tətbiqi ilə əlaqədar Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin kitabxanalarının təcrübəsini öyrənmək və müvafiq treninqlərdə iştirak etmək məqsədilə Ankarada olublar.
Türkiyə Milli Kitabxanasında keçirilən treninqlərdə həm təşkilati işlərlə, həm də xalq kitabxanalarında avtomatlaşdırma proqramının tətbiqi təcrübəsi ilə bağlı təlimlər keçirilib, ayrı-ayrı kitabxanaların bu istiqamətdə gördüyü işlərlə yerində tanışlıq olub. Eyni zamanda Koha Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi haqqında müzakirələr olub və sistemin üstünlükləri haqqında fikirlər söylənilib.
26-29 dekabr tarixlərində Türkiyə Milli Kitabxanasında Koha Kitabxana Avtomatlaşdırma Sistemi ilə əlaqədar Azərbaycan Milli Kitabxanasının mütəxəssislərinə təcrübi məşğələlər və təlimlər keçirilib. Eyni zamanda Azərbaycan Milli Kitabxanasının əməkdaşları ezamiyyə müddətində Türkiyə Milli Kitabxanasında, Millət Kitabxanasında, Qazi Universiteti Kitabxanasında və digər kitabxanalarda da olublar, bilavasitə iş prosesləri ilə yaxından tanış olublar.