06-11-2016
Noyabrın 6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Milli Kitabxanada “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəb dilində nəşrinin təqdimat mərasimi keçirilib.
Kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tərcüməçisi Abd Ər-Rəhman Əl-Xamissi, ərəbcə nəşrin məsul redaktoru isə BDU-nun dosenti Gülnur Mahmuddur.
Təqdimat mərasimini giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov yeni nəşrin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirib. K.Tahirov bu kitabın indiyədək bir sıra dillərə-ingilis, rus, rumın, italyan və ispan dillərinə tərcümə olunduğunu qeyd etmiş və kitabın italyan dilində tərcüməsinin təqdimatının 2015-ci ilin may ayında İtaliyanın Turin şəhərində beynəlxalq kitab yarmarkasında çox böyük uğurla keçirildiyini qeyd etmişdir.
Sonra söz Mədəniyyət və Turizm Nazirinin müavini professor Ədalət Vəliyevə verilmişdir. Ə.Vəliyev bu günlər Azərbaycanın böyük bir humanitar aksiyanın- IV Beynəlxalq Teatr Konfransı ərəfəsində olduğunu bildirmiş və builki Beynəlxalq Teatr Konfransının “Teatr və multikulturalizm” devizi altında keçirildiyini diqqətə çatdıraraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-ci ili “Multikultualizm ili” elan oluması baxımından IV Beynəlxalq Teatr Konfransının daha əlamətdar və əhəmiyyətli olacağını bildirmişdir. Sonra Ə.Vəliyev Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudovun rəhbərliyi ilə son illərdə Azərbaycan tarixinin müxtəlif məsələlərinə dair xeyli miqdarda fundamental əsərlərin işıq üzü gördüyünü diqqətə çəkərək onun rəhbərliyi altında həyata keçirilən layihələrdən danışmış və “İrəvan xanlığı” kitabının bu sahədə ən tutarlı və əhəmiyyətli əsərlərdən biri olduğunu qeyd etmişdir.
Çıxış edənlər: millət vəkilləri tarix üzrə elmlər doktoru Fəzail İbrahimli, siyasət elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, Hüseynbala Mirələmov, Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı sabiq səfiri Şahin Abdullayev, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi, ərəbcə nəşrin məsul redaktoru, BDU-nun dosenti Gülnur Mahmud və b. İrəvan torpağının qədim Azərbaycan torpağı olduğu barədə tarixi gerçəkliklərin dünya ictimaiyyətinə daha ətraflı çatdırılmasının əhəmiyyətindən, ermənilərin tarixi həqiqətləri daim saxtalaşdırmağa cəhd göstərdiklərindən danışıblar.
Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışında nəşrin tarixi əhəmiyyətindən ətraflı söz açıb: “Fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların guya yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, o cümlədən erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilib”.
“Hazırda Ermənistanın yerləşdiyi ərazi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. İrəvan xanlığının yarandığı ərazi ən qədim Azərbaycan-türk torpaqlarıdır. Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda – İrəvan xanlığının ərazisində cərəyan edib”, - deyə institut direktoru bildirib. Tarixçi-alim çıxışında qeyd edib ki, ermənilər nəinki Qafqaz köklü deyillər, onlar Asiya qitəsinə də gəlmədirlər.
Tədbirdə bildirilib ki, son illər Tarix İnstitutunda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını sübut edən çoxsaylı fundamental əsərlər, monoqrafiyalar və sənəd topluları işıq üzü görüb. Qeyd edək ki, indi institutun əsərləri Bakı ilə yanaşı Moskvada, İstanbulda, Ankarada, İslamabadda, Budapeştdə, Kiyevdə, Londonda, Nyu Yorkda, Romada, hətta Los-Ancelesdə də nəşr olunur.
Qeyd edək ki, Tarix İnstitutunun kollektivi tərəfindən hazırlanmış “İrəvan xanlığı” kitabı 2012-ci ildə “Azərbaycan Respublikasının Dövlət mükafatı”na layiq görülüb.
Sonda tədbir iştirakçıları Yaqub Mahmudovun müəllifi olduğu və onun rəhbərliyi altında AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən nəşr olunan kitablardan ibarət sərgi ilə tanış oldular.