Azərbaycan dünyanın ən nüfuzlu kitab sərgisi olan 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində milli stendlə iştirakını davam etdirir.
Ölkəmizin zəngin mədəniyyətinin, sürətli inkişafının və eyni zamanda Qarabağ həqiqətlərinin təbliğ olunduğu milli stenddə gün ərzində Şərq-Qərb nəşriyyatı ilə Türkiyə, İngiltərə, Macarıstan, Qazaxıstan, Ukrayna, Çin və digər dövlətlərin bir çox nəşriyyat və kitab işi ilə məşğul olan şirkətləri arasında çoxsaylı işgüzar görüşlər keçirilir.
17 oktyabr 2019-cu il tarixində sərgi çərçivəsində Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycanın Respublikasının Almaniyadakı Səfirliyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun birgə təşkilatçılığı ilə milli pavilyonda “Məndə sığar iki cahan-mən bu cahana sığmazam” adlı ədəbi-bədii tədbir baş tutub.
Tədbirin aparıcısı - Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Formunun sədri, Alman-Azərbaycan Formunun Mədəniyyət şöbəsinin rəhbəri Samirə Patzer-İsmailova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevə verdi. Vaqif Əliyev öz çıxışında Nəsimi şəxsiyyətinin, yaradıcılığının ölkənin daxilində və xaricində təbliğinin vacibliyindən, “Nəsimi ili” çərçivəsində keçirilən çoxsaylı tədbirlərdən bəhs etdi. O bildirdi ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə məhz Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Həmçinin Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb. Nəsimi irsinə bu qayğı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilib. Cənab Prezidentin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlarına əsasən bu il Azərbaycanda, hətta onun hüdudlarından kənarda da Nəsiminin 650 illik yubileyi təntənəli şəkildə qeyd edilməkdədir, onun zəngin irsi bir az da dərindən araşdırılaraq, dünyada təbliğ olunur, gələcək nəsillərə çatdırılır.
Ardınca Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub, Berlin Humbold Universitetinin Azərbaycan tarixi kafedrasının rəhbəri professor Eva Maria Aux, Almaniyada Nəsimi yaradıcılığının tədqiqatçısı Dr. Mixael Hess, alman şairi Raynxard Moritsen, Alman - Azərbaycan Ziyalılar Birliyinin sədri Dr. Naibə Şirinova və yazıçı Orxan Aras çıxış etdilər.
Tədbirin sonunda İmaddədin Nəsimi ilə bağlı cari ildə nəşr olunan kitablar qonaqlara təqdim edildi.
Qeyd edək ki, 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisi oktyabrın 20-dək davam edəcək.