07-10-2022
Oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Albaniya Milli Kitabxanasının və VIII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunan digər ölkələrin iştirakı ilə Albaniyaya dair daimi guşənin açılışı, Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandumun imzalanma mərasimi, eləcə də “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib.
Azərbaycan Milli Kitabxanasının dəvəti ilə gələn Albaniyadan, Latviyadan, Rusiyadan, Qırğızıstandan olan nümayəndə heyəti ilk öncə kitabxana ilə tanış olublar. Qonaqlar Milli Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” şöbəsi, “Açıq Kitabxana”, Uşaq bölməsi, oxu zalı, kitabxana fondunda olublar.
Sonra Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında Albaniyaya dair daimi guşənin açılış mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq ilk öncə qonaqları salamlayıb, onları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Direktor qeyd edib ki, bu günlərdə Azərbaycanın mədəni həyatında çox əlamətdar hadisələr yaşanır. Belə ki, ölkəmizdə kitab bayramı – VIII Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir. Direktor qeyd edib ki, artıq Milli Kitabxanada bu adət halını alıb ki, hər il keçirilən kitab sərgiləri çərçivəsində kitabxananın Beynəlxalq Əməkdaşlıq zalında bir ölkənin tarixini, mədəniyyətini, iqtisadiyyatını və s. əhatə edən ədəbiyyatlardan ibarət guşə yaradılır. Bu gün isə Albaniyaya dair daimi guşənin açılış mərasiminə yığışmışıq.
Sonra Azərbaycan Milli Kitabxanası ilə Albaniya Milli Kitabxanası arasında Qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfindən direktor Kərim Tahirov, Albaniya tərəfindən direktor Mişa Piro imzalayıb.
K.Tahirov vurğulayıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 60-a yaxın ölkəsi ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalayıb. O, Albaniya Milli Kitabxanası ilə olan əlaqələrin bu müqavilədən sonra daha da möhkəmlənəcəyini bildirib. Qeyd edib ki, bu gün açılışı olan guşədə təqdim olunan kitabların sayı inanıram ki, bu əməkdaşlıq haqqında memorandumdan sonra daha da artacaq.
Albaniya Milli Kitabxanasının direktoru Mişa Piro çıxış edərək Azərbaycanda olmasından məmnunluğunu ifadə edib. O, qeyd edib ki, Albaniya və Azərbaycan Milli Kitabxanaları arasında əlaqələr imzalanan memorandumdan sonra daha da inkişaf edib möhkənlənəcək. Bu memorandum hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaq. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli Kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər.
Tədbirin davamında iştirakçı ölkələrin kitabxana nümayəndələri öz ölkələrinin ədəbiyyatına, mədəniyyətinə dair kitabları Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə təqdim edərək VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən mədəni proqramlara, tədbirlərə görə öz təşəkkürlərini bildiriblər.
Daha sonra “Müasir dövrdə kitabxanalar: gələcəyə baxış” mövzusunda dəyirmi masa keçirilib. Prof. Kərim Tahirov bu gün müasir kitabxanaların yeni iş forma və metodlarından istifadə edərək öz oxucularının tələbatlarını ödəmək məcburiyyətində olduqlarını, öz işlərini yeni tələblər üzərində qurduqlarını söyləyərək iştirakçıları aktiv müzakirəyə dəvət edib.
Rusiya Dövlət Kitabxanasının prezidenti Viktor Vasilyeviç Fyodorov çıxış edərək Azərbaycan Milli Kitabxanasının əməkdaşlarını və bütün iştirakçıları, qonaqları salamlayıb. Beynəlxalq tədbirdə dəvətə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkür edərək hər şeyin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Natiq kitabxanaların artıq öz fəaliyyətlərini dövrün tələblərinə uyğun inkişaf etdirdiyini, çap əsərlərinin arxivləşdirildiyini, elektronlaşdırıldığını, şəbəkədə yaranan internet resurs ilə çap məhsulu arasında sərhədin qalmadığını söyləyib, kitabxanaşünaslıq elminin kitabxana təcrübəsindən xeyli geridə qaldığını, bu sahədə yeni nəsil savadlı tədqiqatçıların yetişdirilməsinin lazımlığını, təhsilin inkişafının vacibliyini qeyd edib.
Rusiya Dövlət Kitabxanasının Beynəlxalq əlaqələr üzrə müdir müavini, Avrasiya Kitabxanalar Assambleyasının (BAE) baş direktoru Mariya Vladimirovna Neryueva iki qonşu ölkə kitabxanaları arasında hər zaman qarşılıqlı dost münasibətlərin və sıx əməkdaşlığın mövcud olduğunu vurğulayaraq kitabxanalar arasında olan oxşar xüsusiyyətlərin çoxluğundan danışıb.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev Qarabağda dağıdılmış kitabxanalar haqqında məlumat verərək Rusiya Dövlət Kitabxanası ilə kitabxana işi sahəsində mövcud olan problemlərin həllinə yönəlmiş birgə onlayn görüşün və Şuşada beynəlxalq səviyyədə bir iclasın təşkilini təklif edib.
Prof. Kərim Tahirov bu il Ankarada keçirilmiş İFLA-nın iclasında mütəxəssisləri Qarabağda dağıdılmış kitabxanaları və digər mədəniyyət mərkəzlərini görməyə dəvət etmiş, bununla bağlı İFLA-ya kitabxana tərəfindən xüsusi müraciət ünvanlandığını söyləyərək, xarici qonaqları yenidən bərpa ediləcək olan bu kitabxanaların fondlarını formalaşdırmaqda köməyə çağırmışdır.
BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, Qırğızıstan Milli Kitabxanasının Dissertasiya və avtoreferatlar şöbəsinin müdiri Gülnara Almankulova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Leyla İbrahimova və digərləri çıxış edərək xüsusən bu gün kitabxanalar üçün əsas problem olan müəllif hüquqları məsələsi müzakirə olunub.
Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirova Rusiya Dövlət Kitabxanasının rəhbərliyi tərəfindən “Nikolay Rumyantsev” medalı təqdim olunub.
Direktor sonda iştirakçı ölkələrə Milli Kitabxananın Ehtiyat Mübadilə fondundan kitablar hədiyyə edib.