close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Akademik Firuz Məlikov” adlı Elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-12-2022

Bu il XX əsr Azərbaycan elmi fikrinin formalaşmasında, inkişaf etdirilməsində, xalqımızın ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmiş görkəmli simalardan biri akademik Firuz Əli oğlu Məlikovun 120 illik yubileyi tamam olur.

Akademik Firuz Məlikov elm tariximizə Azərbaycan heyvandarlıq elminin banisi, Azərbaycan heyvandarlıq elmi məktəbinin yaradıcısı kimi daxil olub. Onun hər əsəri həmin elmin, elmi məktəbin təməl daşları, dayaqları, sütunlarıdır.

Ötən əsrdə beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul olunmuş “Məlikov metodikası” termini var. Bu termin heyvandarlıq elminin əsas istiqamətlərindən olan qoyunçuluğun, yeni qoyun cinslərinin yaradılmasınin elmi proqramıdır. Bu gün də həmin metodika aparılan elmi-tədqiqat işlərində bir elmi qanun kimi əsas götürülür.

Akademik Firuz Məlikov böyük elm xadimi olmaqla yanaşı, həm də tanınmış ictimai-siyasi xadim idi. O, dəfələrlə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. Fəaliyyəti dövründə öz həyatını canından artıq sevdiyi xalqının, millətinin tərəqqəsinə, çiçəklənməsinə, elmimizin inkişafına sərf edib.

Akademik Firuz Məlikov 1941-1945-ci illərdə heyvandarlığın ən aktual problemlərinin həllinə aid on bir elmi tədqiqat işi apardı. Çox böyük uğurlar qazanıldı. Bunun da səbəbi görkəmli alimin məhsuldar cinslərin, sürülərin yaradılması istiqamətindəki təcrübələrin, tədqiqat işlərinin əsasını təşkil edən elmi sistemin, sxemin öncə hazırlanması, müəyyən elmi bünövrəni qoyması idi. “Balbas və Şirvan qoyunlarının iki dəfə qırxılması”, “Azərbaycanda çox bala verən qoyunların qırxılması”, “Azərbaycanda qaragülçülüyün staxanovçuları” adlı tədqiqat işlərində əldə edilən nəticələr həmin dövrdə bütün plan və tapşırıqlardan əlavə 100 tondan çox yun istehsal etməyə imkan verdi. Sürülərin balavermə qabiliyyəti 23 faizdən 45 faizə qaldırıldı.

Beləliklə, qabaqcıl heyvandarlıq işinin elmi əsasının yaradılması, bu zəmin üzərində heyvandarlıq təcrübəsinin daha da inkişaf etdirilməsi müharibə dövründə, kəskin ehtiyac duyulduğu bir vaxtda sahənin məhsuldarlığının ən yüksək səviyyəyə qaldırılmasına səbəb oldu.

“Azərbaycanda qaragülçülük”, “Azərbaycanın dağ merinosu”, “Qoyunçuluq” və s. əsərləri Azərbaycan heyvandarlıq elminin inciləridir. Firuz Məlikov həm də “Azərbaycanın qonur malı” cinsinin müəllifidir.

Görkəmli akademikin 120 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Akademik Firuz Məlikov” adlı  Elektron məlumat bazası hazırlanıb. Elektron məlumat bazası “Həyatının və elmi-pedaqoji fəaliyyətinin əsas tarixləri”, “Ürəklərdə abidə ucaldan akademik”,  “Xatirəsinin əbədiləşdirilməsi”, “Əsərləri”, “Haqqında nəşrlər”, “Fotoqalereya”, “Mükafatları” adlı bölmələrdən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/F.Melikov/index.html  linkindən istifadə edə bilərlər.