Şair, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Əməkdar jurnalist Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olub.
O, müxtəlif vaxtlarda qəzet və jurnallarda redaktor işləyib. Poeziya yaradıcılığına isə 1970-ci ildə “Bahar” şeiri ilə gəlib.
Adil Cəmil ötən əsrin 70-ci illərində ədəbiyyatımıza gələn və poeziya aləmində deməyə öz sözü, özünəməxsus deyim tərzi, bəhs etdiyi hər bir mövzuya spesifik yanaşma mövqeyi olan şairlərimizdəndir. “El üçün ağlayan gözüm”, “Vaqifdən başlanan yol”, “Ürəyimdə bir haray var”, “Anama layla”, “Manas eposu və türk dastançılıq ənənəsi” və s. adlı kitabların müəllifidir.
Adil Cəmil eyni zamanda tərçümə ilə də məşğul olub. O, qədim, möhtəşəm türk abidəsi olan "Manas"ın tərcüməsi, tədqiqi səhəsində böyük uğurlar əldə edib. Adil Cəmil "Manas" eposunu dərindən araşdıran və onu Azərbaycan auditoriyasına çatdıran ilk azərbaycanlı manasşünas alimdir.
Həmçinin, iyirmiyə yaxın bədii filmi - “Məhəbbətin son mahnısı” (Türkiyə), “Samrat” (Hindistan), “13-cü nəvə” (Qırğızıstan), “Qayıtmağı unut” (Moldova) və s. doğma dilimizə tərcümə edib.
30 dekabr 2015-ci idə Azərbaycanın əməkdar jurnalisti fəxri adına layiq görülüb.
Şair, tərcüməçi, ədəbiyyat tədqiqatçısı, əməkdar jurnalist Adil Cəmilin yubileyi ilə əlaqədar Milli Kitabxanada “Adil Cəmil -70” adlı kitab sərgisi açılıb.
Sərgidə müəllifin əsərləri, dünya ədəbiyyatından tərcümələri, tərtibçi, ön söz, redaktə etdiyi kitablar, həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Ənənəvi sərgi 1 həftə davam edəcək.