29-03-2025
Milli Kitabxanada 1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətliam haqqında həqiqətlərin təbliği məqsədilə “31 mart - Azərbaycanlıların Sоyqırımı Günüdür” adlı ənənəvi kitab sərgisi açılıb.
Ənənəvi sərgidə 1918-ci il türk-müsəlman əhalisinə qarşı soyqırımı, soyqırıma məruz qalan tarixi-mədəni irsimiz, Ermənilərin Azərbaycanlılara qarşı soyqırım siyasəti və onun acı nəticələri, sənədlər toplusu, arxiv materialları, soyqırım və deportasiyaların ilkin mərhələləri haqqında tədqiqatlar, həmin dövrün mətbuat orqanlarının materialları əsasında və işğalçılarla döyüşmüş insanların, hadisələrin şahidlərinin xatirələri əsasında nəşr olunan kitablar, zaman-zaman ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi qətliamdan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni-bolşevik qüvvələri tərəfindən Bakı quberniyasında və quberniyanın müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda türk-müsəlman əhalisinə qarşı soyqırım aktı törədilib, on minlərlə dinc əhali uşaq, qoca, qadın demədən kütləvi surətdə amansızcasına qətlə yetirilib.
Ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilib. Bu sərəncama əsasən "31 mart-Azərbaycanlıların Soyqırımı Günü" hər il ölkəmizdə dövlət səviyyəsində qeyd edilir.