close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

01-06-2022

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir.  Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Usaqlarin_Beynelxalq_Mudafiesi_Gunu/index.htm linkindən istifadə edə bilərlər.