21-12-2023
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli tarixçi və şərqşünas alim, Əməkdar elm xadimi, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadovun anadan olmasının 100 ili tamam olur.
Azərbaycan Tarixinin müxtəlif dövrlərinə dair uzun illər ərzində ərsəyə gətirdiyi fundamental tədqiqatlar, eləcə də orta əsrlərə aid mənbələrin tərcüməsi ilə yanaşı, onlara yazdığı geniş şərhlər alimə böyük şöhrət qazandırıb.
Akademik Ziya Bünyadov respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, elmin təşkili işinə böyük əmək sərf edib. O, Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib.
Azərbaycanda yeni ərəbşünas tarixçilər nəslinin formalaşmasında onun təqdirəlayiq əməyi olub.
Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Ziya Bünyadov 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində haqqında dərc olunan məqalələr, müəllifi, redaktoru olduğu, tərcümə etdiyi, haqqında yazılan kitablar, ənənəvi sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan Azərbaycan və digər dillərdə kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Akademik_Ziya_Bunyadov_100/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.