21-04-2022
Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Zəfərimizin təntənəsi 2022-ci il Şuşa İlidir” adlı elektron metodik vəsait hazırlanıb. Təqdim olunan metodik vəsaitdə 2022-ci il Şuşa ilinin elan edilməsi və Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti öz əksini tapıb. Bundan əlavə vəsaitdə Şuşanın tarixi haqqında məlumat və Şuşa ili ilə bağlı kitabxanalarda həyata keçiriləcək tədbirlərdən də bəhs olunub.
Elektron metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/zeferimizin-tentenesi.pdf linkindən istifadə edə bilərlər.