close
icon E-kataloq və kitabxana

Dünya Azərbaycanlılarının Zəfər Qurultayı

27-04-2022

Ümummilli lider Heydər Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq 2001-ci ilin mayın 23-də “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Sərəncam imzaladı və həmin ilin noyabr ayının 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu toplantı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda mühüm addım kimi, gələcək perspektivləri müəyyənləşdirdi. Eyni zamanda, soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birlik və həmrəyliyinin əsasını qoydu.

Dahi şəxsiyyətin diaspor strategiyası 2003-cü ildə hakimiyyətə gələn Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi. Dövlətimizin başçısının 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə bu sahənin inkişafında yeni mərhələ başlandı. Bundan sonra adı çəkilən komitə tərəfindən qarşıda duran mühüm vəzifələrdən biri kimi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə obyektiv şəkildə çatdırılmasında mühüm irəliləyişə nail olundu. Ermənistanın ölkəmizin tarixi torpaqlarını işğal etməsi, milyonlarla soydaşımızın qaçqın və köçkünə çevirməsi və xalqımıza qarşı qətliamlar törətməsi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı.

Diasporumuzun bu fəaliyyəti İkinci Qarabağ müharibəsinin gedişində daha qabarıq nəzərə çarpdı. Xarici ölkələrdə məskunlaşan soydaşlarımız Vətən savaşı günlərində Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində həqiqətləri dünyaya yaydılar, xarici ölkələrdə aksiyalar keçirdilər, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər ünvanladılar. Aprelin 22-də Azərbaycanın mirvarisi, Mədəniyyət Paytaxtımız Şuşa şəhərində növbəti tarixi hadisə baş verdi. Belə ki, cümə günü Dünya Azərbaycanlılarının V Qurultayı işə başladı və Azərbaycan Prezidenti tarixdə ilk dəfə Azərbaycan diasporunun təmsilçiləri ilə Şuşada görüşdü, onların qarşısında nitq söylədi. “Dünya Azərbaycanlılarının Qurultayının” Şuşada keçirilməsinin rəmzi mənası var. Ulu öndər birinci qurultay keçirilərkən demişdi ki, gün gələcək biz bu qurultayı Şuşa şəhərində keçirəcəyik. Bu gün də hasil oldu”.

Beləcə, Şuşa möhtəşəm mərasimə ev sahibliyi etdi. Dünya Azərbaycanlılarının Zəfər Qurultayı keçən ilin 15 iyununda Şuşada imzalanmış Şuşa Bəyannaməsi qədər önəmli əhəmiyyətə  malikdir.

Rəsmi məlumata görə, Şuşada iki gün ərzində keçirilən tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən 400 nəfərə yaxın diaspor nümayəndəsi qatılıb. Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan həm dünya azərbaycanlılarına, həm ermənilərə, həm də illər boyunca işğalı stimullaşdıran və bu gün də havadarlıq etməkdən çəkinməyən qüvvələrə, paytaxtlara olduqca önəmli mesajlar verilib. Beynəlxalq ictimaiyyətinin diqqət mərkəzində olan Dünya Azərbaycanlarının V Qurultayında çıxış edən Prezident İlham Əliyev bu deyilənlər barədə ətraflı məlumat verdi. Dövlətimizin başçısı dedi: “Mən bilirəm ki, siz və sizin kimi xaricdə yaşayan milyonlarla azərbaycanlı hərə öz ölkəsində həm müharibənin gedişatını yaxından izləyirdiniz, eyni zamanda, öz çıxışlarınızda, öz şərhlərinizdə, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırırdınız...”.

Ölkə rəhbəri fikirlərinə əlavə edərək, bildirdi ki, Azərbaycanın haqq səsinin dünyaya yayılmasına bu gün də zəruri ehtiyac duyulur, çünki müharibə bitsə də, Ermənistanın ölkəmizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Prezident nitqində xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına öz dəyərli tövsiyələrini də verdi, soydaşlarımızın öz tarixi Vətəni ilə daha sıx bağlı olmalarının zəruriliyini diqqətə çatdırdı: “Heç olmasa ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə çox yaxşı olar – xüsusilə azad edilmiş torpaqlara getmək üçün. İndi bu gün biz qurultayı Şuşada keçiririk. Ancaq azad edilmiş ərazilər 10 min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq”.

Möhtərəm Prezidentimizin çıxışında bir məqam da ürəkaçan oldu. Belə ki, dövlətimizin başçısı ikinci, üçüncü nəsil azərbaycanlıların öz mədəniyyətinə bağlı olmalarının son dərəcə əhəmiyyətli bir məsələ kimi unudulmamasını xatırlatdı. Bunun üçün onların, ilk növbədə, Azərbaycan dilini bilmələrinin, diaspor təşkilatlarının Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində fəaliyyətlərini gücləndirməyin vacibliyini vurğuladı. Belə olarsa, gənc nəsil İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilər, soydaşlarımızın birləşməsində, təşkilatlanmasında nəzərə çarpan çətinliklər də asanlıqla aradan qalxar. Əlbəttə, lazım gələrsə, Azərbaycan hökuməti də bu məsələyə dəstək göstərər.

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultaydakı nitqində diqqətçəkən bir məqamı da vardır. Dövlətimizin başçısı bildirdi ki, bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə Zəfər muzeyləri inşa edilir. Prezident bildirib ki, münaqişəyə son qoyan Azərbaycan əsgəri olub, qəhrəman Azərbaycan əsgəri:  “Müharibənin son hadisələri məhz burada - Şuşada baş vermişdir. Sıldırım qayalara dırmaşaraq bizim qəhrəman əsgərlərimiz, zabitlərimiz demək olar ki, əlbəyaxa döyüşlərdə burada topla, tankla, artilleriya ilə silahlanmış Ermənistan ordusuna qalib gəldilər. Şuşa Zəfərindən sonra faktiki olaraq Ermənistan cəmi bir gün dirəniş, - əgər buna dirəniş demək mümkündürsə, - göstərməyə cəhd etmişdir və noyabrın 9-da artıq kapitulyasiya aktını imzalamağa hazır olduğunu bildirmişdir”.

Dövlət başçısı daha sonra deyib: “Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Siz, indi buraya gələn qonaqlar müharibədən ilyarım keçəndən sonra gəlirsiniz. Əgər müharibədən dərhal sonra gəlsəydiniz, görərdiniz ki, nə vəziyyətdədir. Hələ də dağılmış vəziyyətdədir. Ancaq Şuşa bərpa olunur, Şuşa dirçəlir və Şuşanın dirçəlməsi ilə bağlı gedən işlər çox genişmiqyaslıdır və bu haqda sizə məlumat veriləcək. Əgər bu şəhər ermənilərə mənsub olsaydı, bu günə qoyardılarmı bunu? Burada cəmi 1800 adam yaşayırdı. Özü də onların 90 faizi hərbçilər və onların ailə üzvləri idi. Burada bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızı sökmüşdülər”.

Sözünə davam edən Prezident deyib: “Bizim dinc şəhərlərimizi müharibə dövründə ballistik raketlərlə atəşə tutmaq, insanları məhv etmək faşizm deyil, bəs nədir? ”Tocka-U", “SCUD”, “İskəndər-M” raketi ilə Şuşa vurulmuşdur. Qar əriyəndən sonra Şuşada, şəhərin mərkəzində “İskəndər-M” raketinin qalıqları aşkarlanmışdır və bir daha biz sübut etdik ki, Ermənistan bu ölümcül silahdan, qadağan edilmiş silahdan və onlarda heç cür olmayan silahdan istifadə edib. Buna inanmayanlar gəlib Hərbi Qənimətlər Parkında “İskəndər-M” raketinin qalıqlarını görə bilərlər".

Prezident vurğulayıb ki, biz faşizmi məhv etdik, Cənubi Qafqazı faşizmdən xilas etdik. “Biz gücümüzü artırmışıq. İl yarım ərzində ordu quruculuğu sahəsində çox böyük işlər görüldü. İndi bu işlərin bir hissəsi ictimaiyyətə təqdim edildi, bir hissəsi, əlbəttə ki, təqdim edilə bilməz. Ancaq hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Həm döyüş qabiliyyəti, həm milli ruh, həm mənəvi ruh, silah-sursat, texnika, yeni döyüşkən hərbi birləşmələrin yaradılması - bütün bunları biz məhz ona görə edirik ki, erməni faşizminin hələ də təzahürləri var və əgər erməni faşizmi bir daha baş qaldırarsa, biz onu hər an əzməyə hazır olmalıyıq və hazırıq. Ermənistan bunu yaxşı bilir, yaxşı başa düşür və heç vaxt bunu unutmamalıdır”, - dövlət başçısı xəbərdarlıq edib.

İlham  Əliyev sülh müqaviləsindən də bəhs edib: “Hazırda iki ölkənin xarici işlər nazirləri, nazirlikləri işçi qrupları formalaşdırır və hesab edirəm ki, yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil. Çünki məhz beş prinsip əsasında sülh müqaviləsi imzalanacaq. Ona görə müqavilənin mətni tezliklə hazırlana və imzalana bilər və beləliklə, Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.

Azərbaycan lideri aparıcı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını artıq qəbul etdiklərini söyləyib: “BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı”.

Prezident tarixi torpaqlarımızda erməni dövlətinin yaradılmasından da bəhs edib: “1920-ci ildə sovet hakimiyyəti tərəfindən Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana verilməsi, bu da tarixi faktdır. Ondan iki il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanı Ermənistana bağışlaması, bu da sənədlərlə təsdiq olunan faktdır. 1921-ci ildə sovet hakimiyyəti tərəfindən bizə qarşı növbəti təxribat hazırlanırdı. Zəngəzur 1920-ci ilin noyabrında bizdən qoparıldı, bir il sonra Qafqaz Bürosu Qarabağı da bizdən qoparmaq istəyirdi. Ancaq alınmadı və qərar qəbul olundu ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Amma buna baxmayaraq, il yarım keçəndən sonra -1923-cü il iyulun 7-də Azərbaycan ərazisində tamamilə əsassız, süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti. Bunun yaradılmasının heç bir əsası yox idi. O vaxt indiki Ermənistanda yaşayan azərbaycanlıların sayı Qarabağda yaşayan ermənilərlə müqayisədə bəlkə də iki dəfə çox idi. Ancaq nədənsə bu muxtar vilayəti orada yox, burada yaradıblar. Bunu yaradıblar və eyni zamanda, qədim Azərbaycan şəhərini - Şuşanı da onun tərkibinə salıblar, bir məqsədlə ki, Şuşa erməniləşsin. Çünki Şuşa tək bir qala kimi qalmışdı və yaxşı bilirsiniz ki, Şuşaya bütün yollar ermənilərin məskunlaşdığı yerlərdən keçirdi, ərazilərdən keçirdi. Yəni, Şuşaya gəlmək üçün mütləq ermənilərin yaşadıqları kəndlərdən keçmək lazım idi. İndi biz Zəfər yolunu çəkmişik. Zəfər yolunu bizim əsgər, zabitlər ayaqla açdılar, o dağın, dərənin, meşənin içi ilə. Yəni, bu da təxribat idi. Yəni, Şuşanı bizdən qoparmaq üçün, erməniləşdirmək üçün Şuşanı da saldılar bu süni qurumun tərkibinə. Amma alınmadı, nə qədər çalışsalar da, alınmadı. Şuşa öz milli ruhunu o vaxt həmişə qoruyurdu və işğal dövründə ermənilər Şuşanı erməniləşdirə bilmədilər”. Prezident deyib ki, ondan sonra 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası, - bu da xalqımız üçün böyük faciə və böyük ədalətsizlik idi.

Prezident İlham Əliyev çıxışını “Qarabağ Azərbaycandır” sözləri ilə bitirib və ayaq üstə, sürəkli alqışlayan Qurultay iştirakçıları dövlət başçısının səsinə səs veriblər.

Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşüdür.

                                                                                                                                                                                                                                                       Ədibə İsmayılova

                                                                                                                                                                                               Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı

                                                                                                                                                                                                              “Xəqani 57” ərazi partiya təşkilatının sədri