close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib

04-11-2021

         Noyabr ayının 4-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə 8 noyabr “Zəfər günü” ilə əlaqədar “Vətən müharibəsinin möhtəşəm zəfəri” adlı tədbir“Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri”, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilib.

         Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Azərbaycan torpaqlarının azad edilməsi uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. O, bildirib ki, keçən il biz tarixi günlər yaşadıq. Azərbaycan xalqı və şanlı ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 günlük II Qarabağ müharibəsində möhtəşəm Qələbə qazandı. Direktor vurğulayıb ki, heç bir zəfər, azadlıq qansız, qurbansız başa gəlmir. Çox təəssüflər olsun ki, 44 günlük Haqq savaşımızda biz də çoxsaylı şəhidlər verdik.

Direktor vurğulayıb ki, tarixi Qələbə münasibətilə bu il yazıçılarımız tərəfindən çoxsaylı kitablar yazılaraq nəşr olundu. Bu gün təqdim etdiyimiz Azərbaycan Yazıçılar Birliyi tərəfindən nəşr edilən “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri” və Milli Kitabxana tərəfindən hazırlanan “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitabları belə əhəmiyyətli nəşrlərdir. O, bildirib ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri” kitabında yazıçıların Qarabağla bağlı düşüncələrinə, xatirələrinə xüsusi yer verilib. İşğalın gətirdiyi kədəri, eyni zamanda qələbəmizdən qaynaqlanan qüruru əks etdirən bu yazılar Azərbaycanın böyük zəfərinin əbədiləşməsinə qələm adamlarının töhfəsidir. Bu yazılarda Qarabağın tarixinə dair maraqlı faktlar, unudulmaz duyğular, müəlliflərin şirinli-acılı xatirələri öz əksini tapıb. Direktor sonra vurğulayıb ki, Milli Kitabxana da Zəfər Günü, Şuşa şəhərinin erməni işğalından azad olunması ilə əlaqədar “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” hazırlayaraq çap etdirib. O, qeyd edib ki, Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ilk fundamental biblioqrafiyadır. Şuşanın işğaldan azad olunması münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, mədəniyyəti, tarixi və memarlıq abidələri, ictimai-siyasi həyatı haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapıb. Kitabda Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya milli və universitet kitabxanalarında saxlanılan ədəbiyyatlar ayrıca bölmələrdə verilib. Həmçinin, direktor bildirib ki, biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Bu kitab Milli Kitabxananın Zəfər Gününə bir hədiyyəsidir.

         Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Maarifli giriş sözü ilə çıxış edərək ilk öncə hamını Zəfər bayramı münasibətilə təbrik edib. O, qeyd edib ki, biz artıq hər yerdə fəxrlə bildiririk ki, azad ölkənin vətəndaşlarıyıq. Sonra o, vurğulayıb ki, Mədəniyyət Nazirliyi olaraq oktyabr ayında Moskva və Frankfurt Beynəlxalq Kitab sərgilərində iştirak etdik. Hər iki sərgidə çoxsaylı Qarabağa aid kitablar nümayiş olundu. Frankfurt Beynəlxalq Kitab sərgisində “İrs nəşriyyatı” tərəfindən yeni nəşr edilən kitablar, xüsusilə “Qarabağın qara kitabı” adlı kitab Hamburq, Göte Universitetləri alimləri, tədqiqatçıları tərəfindən çox maraqla qarşılandı və onlar Qarabağa səfər etmək istədiklərini vurğuladılar. Daha sonra o, vurğulayıb ki, biblioqrafiya alimlər, tədqiqatçılar üçün misilsiz əhəmiyyətə malik bir nəşrdir. A.Maarifli son olaraq Milli Kitabxana rəhbərliyinə belə nəşrlərin tərtibinə görə öz təşəkkürünü bildirib.

Milli Məclisin deputatı, Əməkdar jurnalist Aqil Abbas çıxış edərək bildirib ki, kitabxana mənim üçün bir məbəd, əvəzsiz bir məkandır. Bu gün təqdim olunan hər iki nəşr Zəfər Gününə bir hədiyyədir. İnanıram ki, belə kitabları sayı gələcəkdə daha çox olacaq.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli bildiribki, nəşr olunan hər iki möhtəşəm kitab Zəfər Bayramına bir töhfədir. İlk olaraq vurğulayıb ki, “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı: Biblioqrafiya” kitabı ensiklopedik nəşr olub, Şuşa şəhərinin tarixinin, mədəniyyətinin, görkəmli şəxslərinin öyrənilməsi baxımından çox dəyərlidir. Sonra o, bildirib ki, ideya müəllifi Anar müəllimə aid olan “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri” kitabı isə Qarabağa aid poetik bir dastandır.

Azərbaycan Mətbuat Şurasının sədri, Əməkdar jurnalist Əflatun Amaşov çıxış edərək bildirib ki, hər iki nəşr çox qiymətlidir və inanıram ki, hamının stolüstü kitabına çevriləcək. O, vurğulayıb ki, “Qarabağ dastanı: Otuz ilin həsrəti – 44 günün zəfəri” kitabının ölkə Prezidentinə həsr olunması çox mühüm amillərdən biridir. Kitabda müxtəlif yazıçıların Qarabağ haqqında yazıları, eləcə də şeirlər əks olunub.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı çıxış edərək hər iki kitabın nəşrinə görə əməyi keçənlərə öz təşəkkürünü bildirib və “Şuşa” şeirindən bir parçanı tədbir iştirakçılarına səsləndirib.

Tədbirin davamında yazıçı, publisist Vasif Quliyev; Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid; yazıçı, nasir Seyran Səxavət, Əməkdar jurnalist Adil Cəmil və digərləri çıxış ediblər.

 Tədbirin sonunda iştirakçılar “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir” adlı geniş kitab sərgisi ilə tanış olublar.

 

 

icon

Foto qalereya