25-11-2021
Noyabrın 25-də YAP Səbail rayon təşkilatı “Xaqani 57” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İlk öncə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, kitabxanamız Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatı ilə sıx əməkdaşlıq edir. Bunun göstəricisidir ki, Milli Kitabxananın 80 əməkdaşı YAP-a üzvdür və bu göstəricinin tezliklə daha da artacağı düşünülür. Belə ki, Milli Kitabxana əməkdaşları arasında YAP-a üzv olmaq istəyən çoxsaylı könüllülər var.
Ərazi partiya təşkilatının sədri Ədibə İsmayılova çıxış edərək bildirib ki, keçən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan torpaqlarımız azad olunmuşdur. Artıq 1 ildən çoxdur ki, Azərbaycan xalqı Qalib xalq kimi yaşayır.
Ərazi partiya təşkilatının sədri Ədibə İsmayılova hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonrakı dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.
Sonra sədr vurğulayıb ki, Milli Kitabxana öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mədəniyyət, elm, təhsil, informasiya texnologiyaları və digər müvafiq sahələrə dair imzaladığı fərman və sərəncamlar, dövlət proqramları, Nazirlər Kabinetinin, Mədəniyyət Nazirliyinin qərarları, göstəriş və tapşırıqları, eləcə də mövcud qanunvericiliyə uyğun olaraq qurur.
O, Milli Kitabxananın 2018-2021-ci illər ərzində həyata keçirdiyi layihələr, tədbirlər barədə hesabatı təqdimatla üzvlərə təqdim edib. Və bildirib ki, təqdim edilən hesabat üzrə hazırlanan Elektron məlumat bazaları, virtual sərgilər, biblioqrafiyalar, metodik vəsaitlər və s. Milli Kitabxananın rəsmi saytında yerləşdirilib.
Yığıncaqda çıxış edən YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Nicat Hüseynov hesabat məruzəsini və ərazi partiya təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Daha sonra ərazi partiya təşkilatının sədr və sədr müavini vəzifəsi üzrə seçkilər keçirilib. İştirakçıların yekdil səs çoxluğu ilə Ədibə İsmayılova sədr, Gülər Hüseynova isə sədr müavini seçilib.
Sonda YAP Səbail rayon təşkilatının baş-məsləhətçisi Nicat Hüseynov çıxış edərək bildirib ki, YAP Səbail rayon təşkilatına 120-ə yaxın müəssisə üzvdür, lakin “Xaqani 57” ərazi partiya təşkilatı həmişə öz fəallığı ilə fərqlənib. Buna görə o, “Xaqani 57” ərazi partiya təşkilatının rəhbərliyinə öz təşəkkürünü bildirib, birgə yeni uğurlu əməkdaşlıqlar arzu edib.