close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xurşidbanu Natəvan” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

26-04-2022

2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.

Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdı. Ərəb və fars dillərini mükəmməl bilən Natəvan Nizami, Füzuli və Nəvai kimi nəhəng klassiklərin əsərlərini  mütaliə edir və onların yaradıcılığından bəhrələnirdi. Natəvan yaradıcılığa ənənəvi Şərq mövzusu və şeirlərlə başlayıb. Onun “Gülün”, “Qərənfil” və s. qəzəllərində məhəbbət, təbiət gözəllikləri tərənnüm olunur. O, təkcə yazdığı şeirlərlə deyil, xeyirxahlığı ilə də ad çıxarmışdı. Natəvan kasıblara, kimsəsizlərə əl tutmaqla bərabər, Şuşaya su çəkdirmişdi. Onun çəkdirdiyi bulaq “Xan qızı bulağı” adı ilə məşhur idi.

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin tədbirlər planını əsas tutaraq Milli Kitabxananın əməkdaşları tərəfindən “Xurşidbanu Natəvan” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə rəsmi sənəd, Xurşidbanu Natəvanın müəllifi olduğu əsərləri, fotolar, haqqında yazılan kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xursidbanu_Natevan/index.htm linkindən istifadə edə bilərlər.