close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xocalı soyqırımı – 30” adlı videokonfrans və Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” adlı kitabının onlayn təqdimatı keçirilib

24-02-2022

Fevralın 24-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların iştirakı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı – 30” adlı  videokonfrans və Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” adlı kitabının onlayn təqdimatı keçirilib.

Onlayn videokonfransı giriş sözü ilə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq konfrans iştirakçılarını salamlayıb. Daha sonra Xocalı faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. O, çıxışı zamanı bildirib ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliamdır. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. XX əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, bəşəriyyətin qanını donduran soyqırımın baş verməsi ağlasığmazdır.

Bu gün bu faciə haqqında danışmaq çox çətindir. O, qeyd edib ki, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Direktor çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində Xocalı rayonunun da 9 kəndi – Qarabulaq, Moşxmaat, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd, Muxtar, Daşaltı işğaldan azad olunub. İnanırıq ki, yaxın zamanda Xocalı tam azad olunacaq, orada quruculuq işləri görüləcək.

K.Tahirov daha sonra bildirib ki, Xocalı faciəsi haqqında çoxsaylı kitablar nəşr olunub. Bu gün onlayn təqdimatını keçirdiyimiz Səkinə Turabqızının “Xocalı ağrısı: (tarixi esselər)” adlı kitabı da belə əhəmiyyətli nəşrlərdəndir. Kitab haqqında məlumat verən direktor qeyd edib ki, Xocalı faciəsi haqqında çoxsaylı nəşrlərin olmasına baxmayaraq bu kitab fərqlidir. Belə ki, kitabda giriş hissədə Xocalı, onun tarixi haqqında məlumatlar verilir, eyni zamanda müəllif kitabda verilən ayrı-ayrı esselərdə Xocalı  soyqırımı haqqında öz fikirlərini qeyd edir. Müəllifin tarixi faktlara əsaslanaraq xalqımızın böyük faciəsi – Xocalı soyqırımı haqqında tarixi esseləri, publisistik düşüncələri bədii sözün aynasında təqdim olunub. Son olaraq professor Kərim Tahirov belə nəşrlərin çoxluğu Azərbaycan həqiqətlərinin oxuculara, bütün ictimaiyyətə çatdırmaqda mühüm rol oynadığını və belə nəşrlərin xarici dillərə tərcümə olunması məsələsinin əhəmiyyətini qeyd edib.

Onlayn konfransın davamında Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək bildirib ki, Xocalı faciəsi bizim XX əsr tariximizin ən fəlakətli, ən dəhşətli, ən acınacaqlı səhifəsidir. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. Milli Kitabxana hər ildönümü ərəfəsində əyani tədbirlər, geniş kitab sərgiləri, eləcə də kitab təqdimatları keçirir. Bu il də Milli Kitabxana olaraq Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Mədəniyyət Nazirliyinin Tədbirlər Planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilib. O, konfrans iştirakçılarına Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Xocalı soyqırımı – 30” (http://anl.az/el/vsb/Xocali_soyqirimi_30/index.htm) adlı virtual sərgini, “Khojaly genocide” (http://anl.az/el/vsb/Khojaly_genocide_30/index.htm) adlı ingilis dilində elektron virtual sərgini, “Xocalı Soyqırımı – 30” adlı elektron daycesti (http://anl.az/down/Xocali_daycest_2022.pdf), “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Elektron məlumat bazasını (http://anl.az/el/emb/Xocali-soyqirimi/index.html) təqdim edib. Həmçinin, o, elektron məlumat bazasından danışaraq bildirib ki, baza “Rəsmi sənədlər”; “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırım haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Tədbirin davamında Ağcabədi MKS-nin direktoru Məhəbbət Əliyeva, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, eləcə də Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova çıxış edərək Xocalı soyqırımı haqqında görülən işlərdən, eləcə də bu istiqamətdə Milli Kitabxananın hazırladığı elektron bazaların və pandemiya zamanı oxuculara, bölgələrdəki kitabxanalara göstərdiyi xidmət işinin əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda “Xocalı ağrısı: (tarixi esselər)” kitabının müəllifi Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı Səkinə Turabqızı çıxış edərək ilk öncə belə tədbiri təşkil etdiyinə görə Milli Kitabxanaya, direktor Kərim Tahirova öz təşəkkürünü bildirib. O, vurğulayıb ki, müəllifi olduğu “Xocalı ağrısı” kitabını qələmə alarkən tarixi faktlara əsaslanıb. Qeyd edib ki, “Xocalı ağrısı” kitabını qələmə alarkən çoxsaylı Xocalı şahidləri ilə görüşüb. Bu görüşlər zamanı daim onların necə erməni vandalizminə düçar olduqlarını, onlara qarşı ermənilərin necə vəhşicəsinə soyqırım etdiklərinin bir daha şahidi olduğunu qeyd edib.    

        

icon

Foto qalereya