close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xan Şuşinski – 120” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

20-08-2021

Avqust ayının 20-də Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin 120 illik yubileyi tamam olur.

Azərbaycan klassik xanəndəlik ənənələrinin layiqli davamçılarından biri olan Xan Şuşinski müstəsna fitri istedadı, geniş diapazonlu gur və məlahətli səsi yüksək ifaçılıq mədəniyyəti sayəsində Azərbaycan muğam sənətini zənginləşdirilmiş bir neçə muğama yeni xallar, güşə və şöbələr əlavə etmişdir. Onun ifasında saslənmiş muğam və xalq mahnıları əsl sənət inciləri kimi milli musiqi mədəniyyəti xəzinəmizə həmişəlik daxil olmuşdur. Öz 60 illik yaradıcılığı ilə Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan Şuşinski ölkəmizdə istedadlı ifaçılar nəslinin yetişdirilməsinə də böyük əmək sərf etmişdir.

Xan Şuşinski geniş səs diapazonuna sahib olmaqla yanaşı Azərbaycanın mədəniyyətini bütün dünyaya tanıtması ilə də xalq arasında böyük müvəffəqiyyət qazanmağa nail olub. Azərbaycan milli musiqisinin təbliği yolunda böyük nailiyyətlərə imza atıb. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.

Görkəmli xanəndənin 120 illik yubileyi münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.