close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyədə nəfis şəkildə nəşr etdirdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin təqdimatı keçirilib

27-12-2021

Dekabrın 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyədə nəfis şəkildə nəşr etdirdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, bu ilin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olunması ilə bağlı istər ölkə daxilində, istərsə də xaricində çoxsaylı tədbirlər keçirilib. “Nizami Gəncəvi ili” açılış tədbirini də yanvarın 22-də Mədəniyyət Nazirliyi ilə birgə məhz Milli Kitabxanada cənab nazir Anar Kərimovun iştirakı ilə keçirtmişik. Bu gün isə “Nizami Gəncəvi ili”nin yekunlarına doğru Mədəniyyət Nazirliyinin Türkiyədə nəfis şəkildə nəşr etdirdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin təqdimatını məhz Milli Kitabxanada keçirdirik. Direktor vurğulayıb ki, 1940-cı ildən başlayaraq bu günə kimi müəyyən fasilələrlə Nizami Gəncəvi illəri keçirilib. Hər yubiley tədbirlərində yeni kitablar nəşr olunub. Hər çap olunan kitab bir yadigardır və tədqiqatçılara, nizamişünas alimlərə, eləcə də bütün kitabsevərlərə hədiyyədir. K.Tahirov vurğulayıb ki, Milli Kitabxananın “Nizami Gəncəvi ili” çərçivəsində həyata keçirdiyi ən əhəmiyyətli layihə Mədəniyyət Nazirliyi, Heydər Əliyev fondu ilə birgə həyata keçirdiyi “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar dünya kitabxanalarında və muzeylərində mühafizə olunan Nizami Gəncəvi əlyazmalarının diqital nüsxələrinin Azərbaycana gətirilməsinin təmin edilməsi olmuşdur. Bu tədbirlər nəticəsində indiyədək Azərbaycan elminə və alimlərinə məlum olmayan nüsxələrin də yer aldığı 156 Nizami əlyazmalarının rəqəmsal surətləri Azərbaycana gətirilmişdir.

Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov bildirib ki, bu gün əlamətdar gündür, belə ki, “Nizami Gəncəvi ili”nin yekunlarını vururuq. Nazir söyləyib ki, Prezident İlham Əliyevin dahi şəxsiyyətlərin yaradıcılığına və onların irsinin yaşadılmasına göstərdiyi diqqət və qayğı onların həm də beynəlxalq arenada tanıdılması və xatırlanması üçün çox mühüm amildir. Bu il çərçivəsində Mədəniyyət Nazirliyi olaraq həm Azərbaycanda, həm də xarici ölkələrdə Nizami ilə bağlı çoxsaylı tədbirlər keçirdik. Bu tədbirlərdən biri on gün müddətinə təşkil edilən Nizami Gəncəvi Beynəlxalq Festivalıdır. Festival çərçivəsində müxtəlif sərgilər, tamaşalar, kitab təqdimatları keçirildi. Həmin festivalın proqramı çərçivəsində tək Azərbaycandan deyil, 15 ölkədən çoxsaylı mütəxəssislərin, dövlət adamlarının qatıldığı “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilmişdir. Nazir vurğulayıb ki, “Nizami Gəncəvi ili” çərçivəsində 156 əlyazma Azərbaycana gətirilərək elektron baza yaradılıb. Son olaraq Nazir bildirib ki, Mədəniyyət Nazirliyi olaraq Nizami Gəncəvi yaradıcılığı ilə bağlı tədbirləri növbəti ildə davam etdirəcəyik.

Xalq yazıçısı Elçin Əfəndiyev “Nizami Gəncəvi İli” çərçivəsində ölkəmizdə reallaşan tədbirlərin önəmini qeyd edib: “Hər bir xalqın ədəbiyyat və incəsənət xadiminin təbliği, eyni zamanda, o xalqın özünün və tarixinin təbliğidir. Nizami Gəncəvinin təqdimatı, bir Azərbaycan şairi kimi, böyük əhəmiyyət daşıyır. Aradan 880 il ötməsinə baxmayaraq, Nizami Gəncəvi haqqında çoxsaylı kitablar yazılıb, araşdırmalar aparılıb və bu ənənə davam edir. Nizami Gəncəvi o qədər müasir şairdir ki, öz doğma Azərbaycanında heykəltaraşlığın, musiqinin, rəngkarlığın, opera və baletin inkişafında müstəsna rol oynayıb. Bu gün əgər dünyanın ən qədim təhsil ocaqlarından olan Oksford Universitetində Nizami Gəncəvinin adına mərkəz yaradılırsa, bu, özü Azərbaycanın təbliğidir”.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva çıxış edərək bildirib ki, bundan sonra neçə-neçə əsrlər ötsə də, yeni nəsil azərbaycanlılar böyük şair Nizami Gəncəvi ilə fəxr edəcəklər: “Nizaminin yaradıcılığında Azərbaycan xalqının əxlaqı, mədəniyyəti və dünyaya, insanlığa baxışı var. Ona görə də belə böyük şəxsiyyətin adı ilə keçirilən hər bir tədbir çox qiymətlidir. Mən ümummilli lider Heydər Əliyevi hörmətlə anmaq istəyirəm. Çünki Nizami Gəncəvinin abidəsinin hazırlanması, onun irsinin araşdırılması, təbliği istiqamətində onun müstəsna xidmətləri olub. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Ona görə ki, bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi, sadəcə, mədəni hadisə deyildi, həm də çox önəmli siyasi hadisə idi. Dövlətimizin başçısı Nizaminin irsinin araşdırılması, yaradıcılığının təbliği yönündə çox böyük dəstək göstərdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da təşəkkür edirəm. Dünya ölkələrində Nizami Gəncəviyə qoyulan abidələrin sayı artır. Onun irsinin təbliği istiqamətində işlər daha da genişlənir. Burada da çox hörmətli Mehriban xanımın rolu olduqca böyükdür”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov görkəmli şairin zəngin yaradıcılığından, əsərlərinin səciyyəsindən və tədqiqindən söz açıb, “Nizami Gəncəvi İli” çərçivəsində təşkil olunmuş tədbirlərdən bəhs edib.

Tədbir zamanı Xalq yazıçısı Elçin Əfəndiyevə, Nəriman Həsənzadəyə, Afaq Məsuda, Milli Kitabxananın direktoru, professor Kərim Tahirova və digərlərinə Mədəniyyət Nazirliyinin təsis etdiyi Nizami Gəncəvi döş nişanı təqdim olunub.

Eyni zamanda Milli Kitabxanada yeni açılan bölmələrin – “Uşaq şöbəsi” və “Bookcafe”nin də açılışı olmuşdur. Yeni bölmələrlə tanış olan Cənab Nazir kitabxanada belə bölmələrin olmasının vacibliyindən, müasir standartlara cavab verməsindən danışıb.

Sonda xatirə şəkili çəkilib.

icon

Foto qalereya