close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Qabil – 95” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

11-08-2021

Avqust ayının 12-də çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən biri olan Xalq Şairi, Şöhrət ordenli Qabil İmamverdiyevin (Qabil) 95 illik yubileyi tamam olur.

Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. Onun yaradıcılığı rəngarəng və çoxşaxəlidir. Əsərlərində həm lirik ovqata köklənmiş məhəbbət və əsrarəngiz təbiətin tərənnümü, həm də fərdi psixoloji durumdan doğan poeziya nümunələri istənilən qədərdir. Saf, müqəddəs məhəbbət və Abşeronlu, Qarabağlı, Muğanlı, Milli, Şirvanlı, Şəkili Azərbaycan təbiəti şairin əbədi, tükənməyən ilham qaynaqları olmuşdur.

Xalq şairi Qabilin 95 illik yubileyi münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Xalq şairi Qabil – 95” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə görkəmli şairin həyat və yaradıcılığı haqqında materiallar, mükafatları, əsərləri, fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Xalq_sairi_Qabil_95/index.htm linkindən istifadə edə bilərlər.