close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

04-02-2025

Bu gün görkəmli Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim, Xalq artisti Polad Bülbüloğlunun doğum günüdür.  Polad Bülbüloğlu (Polad Murtuza oğlu Məmmədov) 1945-ci il fevralın 4-də Bakıda, haminin sevimlisi və təkrarolunmaz səsin sahibi, Xalq artisti Bülbülün (Murtuza Məmmədov) ailəsində dünyaya göz açıb. Elə Bülbül soyadını da ifaçı atasının ləqəbindən götürüb.

1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsini (Qara Qarayevin sinfi) bitirib. Azərbaycan estrada ifaçılığı sənətini xarici ölkələrdə yüksək səviyyədə dəfələrlə təmsil edən müğənni beynəlxalq festivallarda diplom və mükafatlara layiq görülüb.

Geniş yaradıcılıq diapazonuna malik olan bəstəkar öz istedadını musiqinin müxtəlif janrlarında sınayaraq balet, instrumental, vokal, simfonik, kamera əsərləri, kinofilmlərə, dram tamaşalarına musiqi, mahnı və romanslar yaradıb.

Öz bənzərsiz ifası ilə milli estrada sənətimizi zənginləşdirən Polad Bülbüloğlunun bəstələri içərisində ona ən çox şöhrət gətirən isə müəllifi və ifaçısı olduğu “Gəl, ey səhər” mahnısıdır. Bundan əlavə, “Doğma diyar”, “Şən Azərbaycan”, “Durnalar”, “Bayatılar”, “Vətən haqqında mahnı”, “Bakı”, “Məni gözlə”, “Gözəllər”, “Bənövşələr”, “Həsrətimsən” və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.

Polad Bülbüloğlu 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru,  1988-2006-cı ilədək Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1995–2000-ci ilədək Milli Məclisin I çağırış deputatı, 2006- 2024-cü ilədək ölkəmizin Rusiyada fövqəladə və səlahiyyətli səfiri vəzifələrində çalışıb. 2024-cü ildən Milli Məclisin VII çağırış deputatı və Mədəniyyət komitəsinin sədridir.

Görkəmli bəstəkarın Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilib.  O, “Əməkdar incəsənət  xadimi” (1973), “Xalq artisti”( 1982) fəxri adlarına layiq görülüb, “İstiqlal” (2005) və  “Şərəf” (2015) ordenləriilə təltif edilib. Azərbaycanın, Rusiyanın, eləcə də bir sıra dövlətlərin mükafatlarına və fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 3 fevral 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Polad Bülbüloğlu Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni ilə, 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, müğənni və ictimai xadim, Xalq artisti  Polad Bülbüloğlunun anadan olmasının 80 illik yubileyi münasibətilə “Xalq artisti Polad Bülbüloğlu” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə  rəsmi sənədlər, fotolar, beynəlxaq mükafatlar və fəxri adlar, Rusiya Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində bürünc heykəlinin təntənəli təqdimat mərasimi, Şuşada keçirilən “Xarıbülbül” festivalı və “Vaqif poeziya günləri”, Bülbülün ev-muzeyinin bərpası və sair haqqında dövri mətbuatda çap olunan məqalələr, Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın bəstələdiyi musiqi notları, həyat və yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə həsr olunmuş Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş etdirilir.

Virtual sərgi ilə https://anl.az/el/vsb/Polad_Bulbuloglu/index.htm  linkindən istifadə edərək tanış ola bilərsiniz.

Ənənəvi sərgidə isə rəsmi sənədlər, bəstəkarın musiqi notları, qramplastinkalar,  həyat və yaradıcılığı, mədəniyyətinin inkişafında böyük xidmətləri və səmərəli ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur. 

Sərgi bir həftə davam edəcək.  

icon

Foto qalereya