02-06-2022
İyunun 2-də Milli Kitabxanada Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən “Musiqi festivalı” çərçivəsində “F.Əlizadəyə həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasimi” keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. O, bildirib ki, bu gün Milli Kitabxanada musiqi bayramıdır, sənətşünaslıq bayramıdır. Direktor qeyd edib ki, həmişə Milli Kitabxanada kitab təqdimatları keçirilir, bu gün isə tam fərqli təqdimata – Firəngiz Əlizadənin gördüyü işlərin təqdimatına yığışmışıq. K.Tahirov vurğulayıb ki, Firəngiz xanımı hər kəs tanıyır və sevir. Bildirib ki, bir neçə gün öncə Bəstəkarlar İttifaqında nümayiş olunan Firəngiz Əlizadəyə həsr olunan filmə baxarkən onun yaradıcılığının möhtəşəmliyinin bir daha şahidi oldum. Kərim müəllim qeyd edib ki, mayın 31-dən iyunun 4-dək Firəngiz Əlizadənin 75 illik yubileyinə həsr olunan “Musiqi Festivalı” keçirilir. Festivalın əsas məqsədi görkəmli bəstəkarın çoxşaxəli yaradıcılığının yubiley çərçivəsində bir daha musiqisevərlərə təqdim olunmasıdır.
Vurğulanıb ki, F.Əlizadə öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda uğurla təbliğ edir. Firəngiz Əlizadənin əsərləri həm Vətənində, həm də onun hüdudlarından kənarda tanınaraq müasir Azərbaycan musiqisinin inikasına çevrilib. Direktor qeyd edib ki, musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Firəngiz Əlizadə UNESCO-nun “Sülh artisti” mükafatına da layiq görülüb. Bu münasibətilə Firəngiz xanımı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb. Çıxışının sonunda direktor bildirib ki, Azərbaycan xalqı durduqca Firəngiz xanımın müəllifi olduğu əsərlər yaşayacaq, heç vaxt unudulmayacaq.
Sonra Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan qısa klip iştirakçılara təqdim olunub.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbirin təşkilatçılığına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya öz minnətdarlığını bildirib. O, vurğulayıb ki, Milli Kitabxana bizim üçün çox doğma, müqəddəs məkandır, çünki tələbəlik illərimiz məhz burada keçib. Qeyd edib ki, bu gün festivalın artıq 3-cü gününü yaşayırıq, bu günlər ərzində konsert proqramları, film nümayişləri, müxtəlif tədbirlər keçirilib. Sonra o, təqdim olunan kompakt disklər və kitablar haqqında iştirakçılara ətraflı məlumat verib. Və sabah Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramının keçiriləcəyini qeyd edib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib. Qeyd edib ki, Bəstəkarlar İttifaqı olaraq dəfələrlə Milli Kitabxanada kitab, not məcmuələrinin təqdimatında iştirak etmişik. Bu gün isə Firəngiz Əlizadənin 75 illik yubileyi münasibətilə keçirilən “Musiqi Festivalı” çərçivəsində ona həsr olunan kitabların və kompakt disklərin təqdimat mərasiminə toplaşmışıq. Qeyd olunub ki, Firəngiz xanımın fəal musiqi-ictimai fəaliyyəti Azərbaycan dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, çoxsaylı mükafatlara layiq görülüb. Z.Qafarova bildirib ki, məhz bu kitablar və kompakt disklər onun yaradıcılığının şah əsəri sayılır.
Tədbirin davamında Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva; Naxçıvan Dövlət Universitetinin musiqi sənəti kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova və digərləri çıxış edərək Firəngiz Əlizadəni yubiley münasibətilə təbrik edib və ona yeni-yeni yaradıcılıq uğurları arzulayıblar.
Sonda qonaqlar Firəngiz Əlizadənin həyat və yaradıcılığını əhatə edən Milli Kitabxananın fondunda mühafizə edilən kitabların geniş sərgisi ilə tanış olublar.