close
icon E-kataloq və kitabxana

Milli Kitabxana “Üzeyir Hacıbəyli – 135” adlı metodik vəsaiti virtual rejimdə təqdim etdi

07-09-2020

Sentyabr ayında Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi tamam olur. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yer tutur. Üzeyir Hacıbəylinin ədəbi-bədii irsi yeni nəslin təlim-tərbiyəsində indi də mühüm rol oynamaqdadır. Amalı, məqsədi öz xalqını qabaqcıl millətlər sırasında görmək olan Üzeyir bəy bütün həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələnməsinə, onların mədəni səviyyəcə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqisinə həsr etmişdir. Bir bəstəkar kimi ölməz əsərlər yaradan, xalqımıza “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan”, “Koroğlu” kimi sənət inciləri yadigar qoyub gedən Üzeyir Hacıbəyli həm də çox gözəl yazıçı, publisist kimi fəaliyyət göstərmişdir. Onun yazıb çap etdirdiyi məqalələrdə, felyetonlarda, resenziyalarda, satirik hekayələrdə xalqını, millətini dərin məhəbbətlə sevən bir insanın düşüncələri öz əksini tapmışdır.

Dahi bəstəkarın 135 illik yubileyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “Üzeyir Hacıbəyli – 135” adlı metodik vəsait hazırlanıb. Təqdim olunan bu vəsaitdə Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti haqqında məlumat, dahi bəstəkarın irsinin kitabxanalarda geniş təbliği məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, “Üzeyir musiqi günü”nün keçirilməsi haqqında ümummilli lider Heydər Əliyevin fərmanı, bəstəkarın həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin Üzeyir Hacıbəyli haqqında söylədiyi fikirlər və ədəbiyyat siyahısı verilib. Metodik vəsaitlə tanış olmaq istəyənlər http://anl.az/down/Uzeyir%20Hacibeyli_135.pdf linkindən istifadə edə bilərlər.