03-06-2022
BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESCO öz rəsmi fəaliyyətinə başlamışdır. O, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilmişdir. UNESCO- Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı - Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır.
Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir.
Azərbaycanın UNESCO-ya üzv qəbul edilməsinin 30 illiyi münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən eyniadlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, UNESCO-nun nadir əsərləri sırasına daxil edilən Azərbaycan maddi və mənəvi irsinin nümunələri, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Unesco_/index.htm linkindən istifadə edə bilərlər.