close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Azərbaycan Respublikasının YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında” Konvensiyasına qoşulması” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub

02-10-2021

Oktyabr ayının 2-də YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu qüvvəyə minib.

Qeyd edək ki, qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq hüquqi qorunması sahəsində qəbul edilmiş ən başlıca sənəd Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət, informasiya və kommunikasiya üzrə ixtisaslaşdırılmış təsisatı olan YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” 2003-cü il 17 oktyabr tarixli Konvensiyadır. Konvensiyanın başlıca məqsədi kimi qeyri-maddi mədəni irsin qorunması müəyyən edilmişdir.

Ölkəmizin YUNESKO ilə əməkdaşlığının genişləndirilməsi, mədəni irsimizin qorunması və təbliğində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır.

Hazırda Azərbaycanın muğam ifaçılığı; Novruz bayramı; Azərbaycan aşıq sənəti; Azərbaycan xalça sənəti; tar ifaçılığı; kəlağayı sənəti; Lahıc misgərlik sənəti; lavaş bişirmə və paylaşma ənənəsi; kamança hazırlanması və ifaçılıq sənəti; Dədə Qorqud irsi – dastan mədəniyyəti və s. kimi mədəni irs nümunələri siyahıya salınıb.

Bu tarixi gün münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının YUNESKO-nun “Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında” Konvensiyasına qoşulması” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə siyahıya salınan mədəni irs nümunələri, fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Unesco_/index.htm linkindən istifadə edə bilərlər.