close
icon E-kataloq və kitabxana

Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur

11-12-2020

Dekabr ayının 11-də Azərbaycan Milli Kitabxanasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasimi olmuşdur.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlamış və açılış mərasiminin Heydər Əliyevin anım gününə düşdüyünü nəzərə alaraq Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etmişdir. K.Tahirov qeyd etmişdir ki, 1995-1997-ci illərdə Ulu öndər Milli Kitabxananı 4 dəfə ziyarət etmiş və ilk gəlişində bu kitabxanaya öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitab hədiyyə etmişdir və bu gün açılışına toplandığımız guşədə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi kitablar, onun öz kitabları və haqqında yazılan kitablar, Milli Kitabxnada olarkən çəkilən şəkillər, Məkkədən gətirdiyi və Milli Kitabxanaya hədiyyə etdiyi “Qurani Kərim”, habelə kitabxanada olarkən etdiyi çıxışların lent yazılarının nümayiş olunduğunu diqqətə çatdırmışdır.

Sonra giriş sözü ilə Mədəniyyət Nazirinin birinci müavini, nazirin vəzifələrini icra edən Anar Kərimov çıxış etmişdir. O bildirmişdir ki, bu gün Ulu Öndərin ruhu ikiqat şaddır, əvvəla ona görə ki, onun canından çox sevdiyi doğma Azərbaycanı öz tarixi Zəfər bayramının, qələbə bayramının sevincini yaşayır, bayram edir və həm də ona görə ki, bu bayram sevincini və zəfər eyforiyasını xalqımıza, dövlətimizə Ulu öndərin həyat və siyasət məktəbinin yetişdirməsi olan, onun “özü qədər inandığı” davamçısı Azərbaycan Respublikasının Prezidenti, müzəffər ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyev  qazandırmışdır. Məncə heç də təsadüfi deyildir ki, cənab Prezidentimiz qələbə sevincini ilk olaraq Ulu Öndərimiz Heydər Əliyevlə bölüşmək üçün Fəxri Xiyabana gedərək onun abidəsinin önündə baş əyərək Atasının ən böyük vəsiyyətini yerinə yetirdiyini bildirmişdir. Bu gün biz ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşənin açılış mərasiminə toplaşmışıq. Buradakı kitablara nəzər yetirərkən Ulu öndərin necə bir fəal mütaliəçi olduğunu əyani şəkildə görə bilirik. Mən inanıram ki, hələ neçə-neçə nəsillər bu kitablarla və Ulu öndərin orada etdiyi qeydlərlə tanış olarkən onun kimi fəal mütaliəçi olmağa çalışacaqlar və bundan müsbət bir örnək götürəcəklər.

Sonra söz alan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev də çıxış edərək bildirmişdir ki, Heydər Əliyev Azərbaycan xalqının son 200 ildə yetişdirdiyi ən dahi şəxsiyyətlərdən biridir. Onun hakimiyyət etdiyi dövr ərzində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirmişdir. O, qeyd etmişdir ki, Ulu Öndərin hakimiyyəti illərində yaranan ordumuz hal-hazırda Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə daha da inkişaf etmiş və Ali Baş Komandanımızın rəhbərliyi altında böyük zəfər tarixi yazaraq 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımızı erməni işğalından azad etmişdir.

Tədbirdə həmçinin, digər iştirakçıların da ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyində xidmətləri haqqında çıxışları dinlənilib.

 Sonda tədbir iştirakçıları guşədə nümayiş olunan materiallarla tanış olmuşlar.

icon

Foto qalereya