close
icon E-kataloq və kitabxana

Ümumdünya Kitabxana və Məlumat Konqresinin 85-ci İFLA Baş Konfransı və Assambleyası Yunanıstanda Afina şəhərində təşkil olunub

26-08-2019

Kitabxana Assosiasiyaları və İnstitutlarının Beynəlxalq Federasiyası (İFLA), Yunan Kitabxanaçılar və İnformasiya Alimləri Assosiasiyası ilə Yunanıstan Milli Kitabxanasından ibarət milli komitə tərəfindən 24-30 avqust tarixlərində Afina şəhərində illik Ümumdünya Kitabxana və Məlumat Konqresinin 85-ci İFLA Baş Konfransı və Assambleyası təşkil olunmuşdur.

Konqresdə açıq sessiyalar, plenar iclaslar, seminarlar, kitabxana materiallarının, audio-vizual avadanlıqların və kompüter sistemlərinin  sərgiləri təşkil olunmuşdur. Konqresdə  140 ölkədən 3636 nümayəndə iştirak edir.

Avqust ayının 25-də Meqaron Afina Beynəlxalq Konfrans Mərkəzində "Kitabxanalar: dəyişiklik naminə dialoq" mövzusunda İFLA konfransının açılış mərasimi olmuşdur. 

İlk öncə Milli Komitənin həmsədrləri, Yunan Kitabxanaçılar və İnformatiklər Assosiasiyasının prezidenti Aleksandra Papazoglu və Yunanıstan Milli Kitabxanasının Baş Direktoru Filippos Tsimpoglu konfrans iştirakçılarını salamladılar.

Tədbiri IFLA prezidenti Qloriya Perez-Salmeron açılış nitqi ilə rəsmi şəkildə açıq elan etmişdir. Tədbirdə həmçinin IFLA Baş Katibi Gerald Leytner və Afina Universitetinin əməkdar professoru Lukas Tsoukalis də çıxış etmişlər.

Azərbaycan Milli Kitabxanasını konqresdə direktor müavini Ədibə İsmayılova təmsil edir. Ədibə İsmayılova İFLA Biblioqrafiya bölməsinin Daimi Komitəsinə 2019-2023 -cü il müddəti üçün üzv seçilmişdir. O, 24 avqust tarixində ilk Daimi Komitə iclasında-Daimi Komitə sədri seçmə, eləcə də konfrans ərəfəsində Daimi Komitə tərəfindən təşkil edilmiş Biblioqrafiya Seminarında, Kataloqlaşdırma bölməsində olan açıq iclaslarda, Metadata hesabat sessiyasında iştirak etmişdir. Direktor müavini həmçinin İFLA çərçivəsində MDB Ölkələri Kitabxanalarının nümayəndələrinin illik regional görüşündə iştirak etmişdir.

85-ci İFLA Baş Konfransı ərzində Ədibə İsmayılova Argentina Respublikası Mariano Moreno Milli Kitabxanasının direktoru Elsa Barberlə görüşmüşdür. Görüşdə gələcək əməkdaşlıq üçün Azərbaycan Milli Kitabxanası ilə Argentina Milli Kitabxanası arasında imzalanacaq Qarşılıqlı Anlaşma Memorandumunun mövzusu müzakirə edilmişdir. Xanım Elsa Barber Milli Kitabxananın rəhbərliyi adından 27-29 sentyabr tarixlərində Azərbaycan Milli Kitabxanasında keçiriləcək "Milli Kitabxanalar Mobil İnformasiya Mərkəzi kimi" adlı Beynəlxalq konfransa dəvət edilmişdir.

Yunanıstanın Afina şəhərində keçirilən 85-ci İFLA Baş Konfransı davam edir.