close
icon E-kataloq və kitabxana

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Azərbaycan memarlıq elementləri” kitabının təqdimat mərasimi keçirilmişdir

08-06-2023

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının və Azərbaycan Milli Kitabxanasının birgə nəşr etdiyi Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunmuş “Azərbaycan memarlıq elementləri” kitabının R.Mustafayev adına Milli İncəsənət Muzeyinin İtalyan zalında təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov çıxışında XX əsrin ortalarında görkəmli Azərbaycan memarı akademik Mikayıl Useynov tərəfindən ilk dəfə olaraq milli memarlıq abidələrinin araşdırıldığını və tətbiqi ilə bağlı göstərilmiş təşəbbüslə həmin dövrdə tədqiqatçılar tərəfindən müxtəlif abidələrə aid materiallar toplandığını, müxtəlif başlıqlar altında bir neçə albomun maketinin hazırlanıb məhdud nüsxədə çap olunduğunu bildirmişdir. Qeyd etmişdir ki, yarımçıq qalmış həmin işə yarım əsr sonra yenidən başlanmış, fərqli bir yanaşma və tərtibatla yekunlaşdırılaraq bu sanballı əsər ortaya qoyulmuşdur.

Natiq söyləmişdir ki, təqdim olunan yeni kitab Azərbaycanın çox qədim tarixə malik olan memarlıq abidələrinin üzərində 7-10 min illər əvvəl əcdadlarımızın nəqş etdiyi məhz Azərbaycan xalqına məxsus olan milli memarlıq elementlərindən və onların etimologiyasından, tarixi şahidliyindən bəhs edir.  O, Azərbaycana rəhbərliyinin həm birinci, həm də ikinci dövründə memarlıq və arxitektura sahəsinin daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olduğunu vurğulamış, müstəqil, işıqlı və böyük sürətlə gələcəyə addımlayan Azərbaycanımızın da memarının Ulu Öndər hesab olunduğunu diqqətə çatdırmışdır.

Kitabın elmi redaktoru Əməkdar memar, prof. Elbay Qasımzadə çıxışında kitabı milli memarlıq üslubunun yaddaşlara həkk olunması üçün ən gözəl vasitə adlandırmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli təqdim olunan kitabda milli memarlıq üslubu, memarlıq janrları, interyer tərtibatı nümunələri, kiçik memarlıq formalarının ətraflı izah edildiyini söyləmişdir.

Milli Məclisin üzvü, akademik Nizami Cəfərov, AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, AzDMİU-nun rektoru, prof. Gülçöhrə Məmmədova kitabla bağlı çıxış etmişlər.

Sonda Azərbaycan və ingilis dillərində olan bu nəfis kitabın müəllifi Əməkdar memar Xəlil Cəfərova söz verilmişdir. O, Azərbaycan memarlığında işlənən milli elementləri həm funksional cəhətləri ilə, həm də bədii-estetik təsiri ilə tikililərdə sadəcə mühəndislik təxəyyülünün məhsulu kimi deyil, eyni zamanda incəsənət nümunəsi kimi dəyərləndirmiş, müasir memarlıq əsərlərində xalqımızın əsrlər boyu yaratdığı memarlıq irsini yaşatmaq və eyni zamanda bu günkü tələblərə uyğun şəkildə, düzgün istifadə etmək baxımından milli memarlıq elementlərini dərindən bilməyin lazımlılığını önə çəkmişdir.

icon

Foto qalereya