05-03-2021
Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimovun rəhbərliyi ilə nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində nümayəndə heyətinin üzvü, Milli Kitabxananın direktoru professor Kərim Tahirov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Yazma Əsərlər Kurumu Başkanlığının başkanı professor Muhittin Macit ilə görüşüb. Görüş zamanı K.Tahirov 2019-cu ildə baş tutan görüşlərinin yekunu kimi Azərbaycan Prezidentinin sərəncamı ilə keçirilən “İmadəddin Nəsimi ili” çərçivəsində Nəsimi əlyazmalarının digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasına köməklik göstərdiyinə görə Muhittin bəyə öz təşəkkürünü bildirmişdir.
Bu hədiyyənin Azərbaycan alimləri üçün böyük töhfə olduğunu qeyd edən prof. K.Tahirov Azərbaycan xalqına mənsub olan və onun görkəmli nümayəndələrinə mənsub olan qiymətli mədəniyyət sərvətlərimizin zaman-zaman xarici ölkələrə daşındığını və hazırda bir sıra xarici ölkələrin kitabxana və muzeylərini bəzədiyini, 2019-cu ildən Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi “Milli mədəniyyət sərvətlərimizin Vətənə qayıdışı” birgə layihəsi çərçivəsində çoxlu sayda qiymətli əlyazmalarının ölkəmizə gətirildiyini qeyd etmişdir. Eyni zamanda 2021-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan olduğunu hörmətli Başkanın diqqətinə çatdıran K.Tahirov dahi Azərbaycan şairi Nizami Gəncəvinin çoxlu sayda əlyazmalarının Türkiyə kitabxanalarının və muzeylərinin fondlarında mühafizə olunduğunu bildirərək həmin əlyazmaların digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsinə köməklik göstərməsini xahiş etmişdir.
Prof. Muhittin Macit Kərim Tahirova minnətdarlığını bildirərək iki qardaş xalqın ortaq mənəvi dəyərlərinin kifayət qədər olduğunu və bu dəyərlərin bütün sahələrdə birgə əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq həmin dəyərlərin qarşılıqlı paylaşılmasının mədəniyyətlərimizin zənginləşməsinə böyük töhfə verəcəyin söyləmişdir. Eyni zamanda mədəni və ədəbi əlaqələrimizin daha da möhkəmlənməsi baxımından qiymətli əlyazmalarının digital surətlərinin paylaşılmasının da bu mənada istisna təşkil etmədiyini xüsusi vurğulayan Başkan bu istiqqamətdə Azərbaycan Milli Kitabxanası ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişdir. Muhittin bəy çxışının sonunda ilkin olaraq dahi Nizami Gəncəvinin müvafiq əlyazmalarının siyahısının təqdim olunduğu təqdirdə onların digital nüsxələrinin çatdırılmasına hazır olduqlarını bildirmişdir.
Görüşün sonunda həm görüş üçün və həm də Nizami əlyazmalarının digital nüsxələrinin Azərbaycana təqdim olunmasına razılıq verdikləri üçün Muhittin bəyə təşəkkürünü bildirən prof. Kərim Tahirov öz növbəsində bu yaxınlarda Praqa Milli Kitabxanasında çoxlu sayda türkdilli əlyazmalarını aşkar etdiyini də tərəfmüqabilinin diqqətinə çatdıraraq həmin əlyazmalarının Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunan kataloqunu Türkiyə tərəfinə təqdim etmiş, habelə onların digitallaşdırılması istiqamətində Çexiya Milli Kitabxanası ilə danışıqlar aparıldığını bildirmişdir. Həmin əlyazmalarından tamamilə xəbərsiz olduqlarını bildirən Türkiyə tərəfi əldə olunacaq türkdilli əlyazmalarının elektron nüsxələrinin onlara da verilməsini xahiş etmişdir. Bu təklif məmnuniyyətlə qarşılanmışdır.
Görüşün sonunda belə faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə yaxın günlərdə ikitərəfli memorandumun imzalanması da qərara alınmışdır.