close
icon E-kataloq və kitabxana

“Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin növbəti konfransı

31-10-2017

Türkiyə Respublikasının Antalya şəhərində 31 oktyabr-01 noyabr 2017-ci il tarixlərində “Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin növbəti konfransı keçirilir. Konfransda Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov və baş mütəxəssis Gülbəniz Səfərəliyeva iştirak edir.

Tədbirdə 20-dən artıq ölkədən nümayəndələr, TÜRKSOY təşkilatı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Bosniya və Herseqovina, Makedoniya, Monqolustan, Tatarıstan, Başqırdıstan Yakutiya və b. ölkələrin milli kitabxanaları iştirak edir.

Tədbiri Türkiyə Milli kitabxanasının direktoru Zülfi Toman açaraq iştirakçıları salamlamış, tədbirin türkdilli ölkələr üçün əhəmiyyətini qeyd edərək konfransın işinə uğurlar arzulamışdır.

Tədbir iştirakçıları milli kitabxanada olan innovasiyalar haqqında təcrübələrini bölüşmüşlər.
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış edərək təşkilatın yaranma tarixindən, bu günədək görülən işlərdən danışdı. Baş mütəxəssis Gülbəniz Səfərəliyeva isə “Azərbaycan Milli Kitabxanası elm, təhsil və mədəniyyətdə informasiya-kitabxana resursu kimi” adlı məruzə ilə çıxış etdi.

Qazaxıstan, Bosniya və Herseqovina, Şimali Kipr Türk Respublikası, Makedoniya, Başqırdıstan və b. dövlətlərin milli kitabxanalarının direktorları da məruzə ilə çıxış etdilər.

Tədbirdə “Türkdilli Ölkələr və Topluluqları Milli Kitabxanalar Birliyi”nin əsasnaməsi qəbul olunduqdan sonra əsasnamınin rəsmi imzalanması keçirildi və idarə heyəti təsdiq edildi. Təşkilatın logosunun layihələrinə baxıldı və logosu təsdiq olundu.

İmzalanma mərasimindən sonra Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Ömer Arısoy çıxış edərək təşkilatın işinə uğurlar arzulamışdır.