12-01-2023
Yanvarın 14-də Azərbaycanın tanınmış teatr rejissoru, aktyor, Əməkdar incəsənət xadimi, Xalq artisti Tofiq Səməd Mənsur oğlu Kazımovun anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə yanvarın 12-də Milli Kitabxanada ənənəvi kitab sərgisinin açılışı olub. Bir həftə nümayiş olunacaq sərgidə Tofiq Kazımovun müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitablar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr əks olunub.
Tofiq Kazımov klassik pyeslər əsasında hazırladığı tamaşalarda əsərə günümüzün reallığı baxımdan yanaşaraq, tarixi bir dövrdə cərəyan edən hadisələrin mayasındakı müasirliyi üzə çıxara, tamaşanı hazırkı dünyanın mənzərəsi müstəvisində yoza, ümumbəşəri problemlərin bədii həllinə nail ola bilirdi. “Ölülər”, “Pəri Cadu”, “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşaları T.Kazımovun klassik milli dramaturgiyaya müasir münasibətinin təzahürü kimi qiymətləndirilir.
Görkəmli rejissor 1965-ci ildə “Antoni və Kleopatra”, 1979-cu ildə “Şəhərin yay günləri” tamaşalarına görə Dövlət mükafatları ilə təltif olunub. 1961-ci ildə “Əməkdar incəsənət xadimi”, 1974-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
Yubiley çərçivəsində həmçinin, Milli Kitabxananın əməkdaşları tərəfindən “Tofiq Kazımov – 100” adlı virtual sərgi də hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub. Sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Tofiq_Kazimov/index.htm linkindən istifadə edə bilərlər.